Bakı, 8 yanvar, Pərvanə Qafarova, AZƏRTAC
Qeyd etmək istərdim ki, Azərbaycanın regional və beynəlxalq təsiri Avropa ölkələrinin diqqət mərkəzindədir. Mən yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını diqqətlə izlədim. Prezident vurğuladı ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında etibarlı və strateji əhəmiyyətli tranzit qovşağına çevrilir. Şübhəsiz, Azərbaycanın coğrafi mövqeyi və məqsədyönlü logistika siyasəti ölkəni Avropa–Asiya dəhlizinin əsas əlaqə mərkəzinə çevirir.
Bunu AZƏRTAC-a açıqlamasında litvalı jurnalist, ekspert Riçardas Lapaitis bildirib.
Hazırkı geosiyasi reallıqlarda alternativ marşrutların eyni səviyyədə təhlükəsizlik və dayanıqlıq təmin edib-etməyəcəyini dəqiq söyləməyin çətin olduğunu qeyd edən Riçardas Lapaitis deyib: “Bununla belə, Azərbaycanın tranzit imkanlarını genişləndirmək məqsədilə həyata keçirdiyi infrastruktur layihələri yüksək qiymətə layiqdir. Bu layihələr Avropa və Asiya arasında ticarət dövriyyəsini artırmaq, logistika tədarük zəncirlərini diversifikasiya etmək və iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün real potensiala malikdir.
Eyni zamanda, Azərbaycanın regional sabitlik, suverenlik və təhlükəsizlik məsələlərinə verdiyi xüsusi önəm Avropa üçün strateji əhəmiyyət kəsb edir. Bu amillər ölkəni yalnız tranzit marşrutu kimi deyil, həm də etibarlı uzunmüddətli tərəfdaş kimi mövqeləndirir.
Beləliklə, Avropa ölkələrində formalaşan baxış Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı körpü rolunu gücləndirdiyinə və strateji mövqeyini daha da artıracağına inamı əks etdirir.
Avropa ölkələrinin nümayəndəsi olaraq mən hesab edirəm ki, bu gün Azərbaycan ilə Avropa ölkələri arasında vizaların sadələşdirilməsi və investisiya mexanizmlərinin genişləndirilməsi məsələləri daha aktiv şəkildə həll edilməlidir, məqsəd isə konkret və praktik nəticələr əldə etməkdir. Bu imkanlar Azərbaycan üçün həm Avropa İttifaqı bazarına çıxış baxımından, həm də regional logistika və maliyyə ekspertizası kontekstində vacib tərəfdaşlığı əks etdirir”, – deyə Riçardas Lapaitis vurğulayıb.
Ekspert qeyd edib ki, bu ölkələrin biznes nümayəndələri üçün Azərbaycan xüsusilə tranzit və logistika, nəqliyyat, enerji və rəqəmsal iqtisadiyyat sahələrində geniş imkanlar təqdim edir və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər açır. Daha çevik və praktik vizalı rejim biznes əlaqələrinin inkişafına birbaşa müsbət təsir göstərəcək: “Bu istiqamətdə Avropa ölkələri ilə konkret mexanizmlərin yaradılması yalnız Azərbaycanın iqtisadi faydalarını artırmaqla kifayətlənməyəcək, həm də siyasi və strateji etimadı gücləndirəcək. Belə yanaşma Azərbaycanın Avropa ilə münasibətlərində praktik və nəticəyə yönəlik əməkdaşlığa əsaslanan yeni mərhələnin başlanğıcını işarə edə bilər”.