AZ

Muhammad Nasar Hayat: FAO Azərbaycanda kiçik fermer təsərrüfatlarının inkişafını və regionlarda dayanıqlı gəlir mənbələrinin formalaşdırılmasını dəstəkləyir

Bakı, 8 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda kiçik fermer təsərrüfatlarının inkişafının dəstəklənməsi və kənd regionlarında dayanıqlı gəlir mənbələrinin möhkəmləndirilməsi məqsədilə alətlər və mexanizmlər kompleksini nəzərdən keçirir.

Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat söyləyib.

FAO-nun Azərbaycandakı nümayəndəsi qeyd edib ki, kiçik fermerlərə dəstək adaptasiya alətlərinin təqdim edilməsi, istehsal sistemlərinin təkmilləşdirilməsinə yardım göstərilməsi, eləcə də vaxtında məlumatlandırma yolu ilə həyata keçirilir. O vurğulayıb ki, məlumatlar kənd təsərrüfatı fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş konkret tədbirlər barədə praktik tövsiyələr və məlumatları əhatə etməlidir.

Muhammad Nasar Hayat, həmçinin bildirib ki, iqlim dəyişmələri və ekstremal hava hadisələri məhsula və fermerlərin gəlir mənbələrinə ciddi ziyan vura bilər. Bu baxımdan FAO kənd təsərrüfatı bitkilərinin sığortalanması sistemlərinin və zərər çəkmiş fermer təsərrüfatlarına maliyyə dəstəyi mexanizmlərinin inkişafına xüsusi əhəmiyyət verir.

Təşkilatın nümayəndəsi vurğulayıb ki, FAO COVID-19 pandemiyasına bənzər böhranlar da daxil olmaqla, iqlim və bazar şoklarına qarşı kiçik ailə fermerlərinin dayanıqlığının artırılması məqsədilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq edir. Kənd icmalarının bu cür çağırışlara davamlılığının gücləndirilməsi birgə fəaliyyətin əsas vəzifələrindən biridir.

Bu əməkdaşlıq çərçivəsində əsasən Yevlax regionuna yönəlmiş layihə həyata keçirilir. Eyni zamanda FAO biomüxtəlifliyin qorunmasında mühüm rol oynayan mühafizə olunan təbiət ərazilərinə dəstək göstərir. İqlim dəyişmələri şəraitində bioloji resursların azalması riski artır ki, bu da onların qorunmasını xüsusilə aktual edir.

Bundan əlavə, FAO Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bir sıra mühafizə olunan ərazilərdə biomüxtəlifliyin qorunması üzərində çalışır və ölkədə biomüxtəlifliyə dəstəyə yönəlmiş yeni layihə hazırlayır.

Muhammad Nasar Hayat vurğulayıb ki, bu təşəbbüslər FAO-nun əsas strateji prioritetlərindən birinə, yəni daha əlverişli ətraf mühitin yaradılmasına uyğun gəlir. Onun sözlərinə görə, təşkilat kənd təsərrüfatının, kənd regionlarının dayanıqlı inkişafı və təbii resurslardan səmərəli istifadənin gücləndirilməsi istiqamətində Azərbaycan hökumətinə potensialın artırılmasında dəstək göstərəcək.

Seçilən
75
azertag.az

1Mənbələr