“İranda baş verən hadisələr rejimin özünün 46 illik fəsadının məntiqi nəticəsidir”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, politoloq Bakir Həsənbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, bu ilk etiraz aksiyası deyil, son da olmayacaq:
“Bəzən İrandakı etirazları iqtisadi yöndən dəyərləndirirlər. Lakin bunlar sadəcə iqtisadiyyata görə baş verən etiraz aksiyaları deyil. Bu aksiyaların içərisində həm də insanların azadlıq ruhu və demokratiyaya keçid arzuları var.
İrandakı teokratik rejimin banisi Ruhullah Xomeyni Fransada olanda siyasi vəzifə tutmayacağını və islam inqilabından sonra İranda kommunal xidmətlərin pulsuz olacağını deyirdi.
Hətta evsizlərin mənzillə təmin olacağını vəd edirdi. Lakin Xomeyni hakimiyyətə gəldikdən qısa müddət sonra Konstitusiya dəyişikliyi oldu. Konstitusiyanın 5-ci maddəsində “Vilayəti-fəqih” (mütləq hakimdir) qeyd edildi. Artıq bu, Xomeyninin ölkədə birinci şəxs olduğunu qanunla əsaslandıran maddə oldu”.
Ekspert qeyd edib ki, İran Konstitusiyasının 111-ci maddəsində Prezidentin ikinci şəxs olduğu təsbit olunub:
“Bu gün hakimiyyəti əldə saxlayan teokratik rejim yaradıcıları özlərinin üstünlüyünü qanunla hələ 46 il bundan qabaq təsdiqləyiblər. İranda hazırda iqtisadi və siyasi sferada vəziyyət kifayət qədər pisdir.
İranlı ekspertlər ölkədə bank aktivlərinin 40 faizi yalnız kağız üzərində olduğunu bildirirlər. Həmin aktivləri ölkənin elitası mənimsəyib. Əhali üçünsə heç nə etmirlər”.
Bakir Həsənbəyli son günlərdə İsrail və ABŞ-nin İrana hərbi müdaxilə təhdidləri barəsində də danışıb:
“Əslində, ABŞ və İsrailin İrana aktiv müdaxilələri yanlışlıq olardı. Düzdür, İsrail və ABŞ tərəfindən Tehran hakimiyyətinə hədə-qorxu ritorikalı fikirlər eşidirik. Ancaq hələlik İrana kənar müdaxilələrin ola biləcəyini zənn etmirəm. Çünki İran zehniyyətində kənar müdaxilənin onların azadlığının növbəti dəfə əllərindən alınması kimi dəyərləndirilir”.
Politoloq hesab edir ki, İrandakı etirazlar səngiməyəcək:
“İranda baş verən proseslərin inqilabi dəyişikliklərlə nəticələnə bilər. Doğrudur, Prezident Məsud Pezeşkian etiraz edən kütlə ilə danışıb razılığa gəlməklə bağlı addım atır. Ali dini lider Əli Xameneyi isə sərt ritorika sərgiləyərək polis müdaxiləsi ilə etirazların yatırılmasına çalışır.
Əslində, bu dini rəhbərlə Prezident arasındakı siyasi oyuna əsasən rolların bölüşdürülməsidir. Bundan başqa, İrandakı elit qüvvələrin parçalanması inqilabi labüd edər. Bu isə hələ ki, görünmür. Lakin ölkədəki etirazların davamlı olacağını düşünürəm. Prosesin hər mərhələsi İrandakı rejimin dağılmasına təkan verəcək”.