Temu Üzərindən Azərbaycan Zəfər Simvollarını Ayaqaltı və Sanitar Məhsullara Çevirən Şirkətlər Boykot Edilməlidir
Bakı, 8 Yanvar, 2026 - Azadmedia.az
Azad Media.az xəbər portalına açıqlama verən politoloq və jurnalist Ülkər Piriyeva, son zamanlar Temu platformasında satılan və “Azərbaycanın Zəfər simvolları”nı əks etdirən məhsullar barədə fikir bildirib. O, həmçinin həmin məhsulların sifarişini verən və istehsalını həyata keçirən şirkətləri qeyd edərək, bu mövzuda öz ekspert rəyini paylaşmışdır. Ülkər Piriyeva’nın milli-mənəvi dəyərlərə hörmətsizlik və məsuliyyət mövzusundakı fikir və tövsiyələrini paylaşırıq.
Son dövrlərdə ictimaiyyətə açıqlanan və sosial mediada geniş rezonans doğuran faktlar göstərir ki, beynəlxalq onlayn ticarət platforması Temu üzərindən satışa çıxarılan bəzi məhsullar Azərbaycan xalqının Zəfər tarixi, 8 Noyabr – Zəfər Günü və bu qələbəni simvolizə edən rəmzlər baxımından ciddi narahatlıq yaradır.
Məsələnin mahiyyətini düzgün qoymaq vacibdir. Burada əsas diqqət platformanın özündən daha çox, həmin məhsulların:
- sifarişini verən,
- dizaynını hazırlayan,
- istehsalını həyata keçirən şirkətlərə yönəlməlidir.
Çünki Temu bu prosesdə vasitəçi platforma rolunu oynayır. Lakin milli-mənəvi məsuliyyəti anlamayan, tarixi dəyərləri kommersiya predmetinə çevirən yanaşma məhz istehsalçı və sifarişçi düşüncənin məhsuludur.
Bəs, əsas məsuliyyət kimdədir?
Aşkarlanan faktlar göstərir ki:
- Zəfər simvolları,
- “8 November”, “Victory Day” ifadələri,
- Zəfər abidəsinə və qələbə ruhuna aid vizuallar
ayaqaltıları, hamam aksesuarları, sanitar-gigiyenik məmulatlar və bu məkanlara uyğun əşyalar üzərində istifadə olunub.
Bu isə açıq şəkildə göstərir ki, Zəfər anlayışı şüurlu şəkildə alçaldıcı kontekstə salınıb. Bu məhsullar Temunun deyil, konkret sifarişçi və istehsalçı şirkətlərin məhsuludur.
Ekspert olaraq bildirirəm ki:
- Zəfər tariximizi və onu simvolizə edən rəmzlərin bu cür məişət və gigiyena əşyalarında istifadəsi milli-mənəvi dəyərlərin aşınmasına və deqradasiyasına xidmət edir;
- Bu yanaşma cəmiyyətin kollektiv yaddaşına və mənəvi psixologiyasına travmatik təsir göstərir, şəhidlərin xatirəsinə hörmətsizlik kimi qəbul olunur və haqlı ictimai qəzəb doğurur;
- Bu kimi hallar hüquqi, etik və ictimai müstəvidə hərtərəfli araşdırılmalı, müvafiq mexanizmlər işə salınaraq qarşısı qətiyyətlə alınmalıdır.
Sözsüz ki, bu hal dizayn azadlığı deyil
Açıq və prinsipial şəkildə vurğulamaq lazımdır:
Zəfər rəmzlərinin unitaz, ayaqaltısı və hamam məmulatlarında istifadəsi:
- nə dizayn azadlığıdır,
- nə yaradıcılıq sərbəstliyidir,
- nə də “mədəni fərqlilik” anlayışı ilə əsaslandırıla bilər.
Bu, Azərbaycan xalqının milli yaddaşına qarşı olan etinasızlıq,
şəhidlərimizin ruhuna qarşı hörmətsizlik,
xalqımızın qüruruna qarşı kommersiya laqeydliyidir.
Bu mənada Temunun rolu və məsuliyyət çərçivəsi
Əlbətdə ki, Temu platforma olaraq birbaşa istehsalçı olmasa da, hesab edirəm ki,
- bu cür məhsullara qarşı etik nəzarət mexanizmlərini gücləndirməli,
- milli və tarixi simvollarla bağlı ölkə-spesifik həssaslıq prinsiplərini tətbiq etməlidir.
Lakin bir həqiqət dəyişmir:
Zəfər simvolunu ayaqaltına salan platforma deyil, onu sifariş edən və istehsal edən yararsız düşüncədir..!
Açıq və qəti çağırış!
Bu səbəbdən ictimai və ekspert mövqeyim qətidir:
- Azərbaycanın Zəfər tarixinə hörmətsizlik edən məhsulları sifariş verən və istehsal edən şirkətlər boykot edilməlidir!
- Bu şirkətlər ictimaiyyətə açıq şəkildə tanıdılmalı, onların məhsullarına qarşı şüurlu istehlak mövqeyi formalaşdırılmalıdır.
- Milli dəyərlərə hörmət etməyən heç bir istehsalçı Azərbaycan cəmiyyətində mənəvi legitimlik qazana bilməz.
Sonda qeyd etməliyəm ki,
Zəfər:
- bir dizayn elementi deyil,
- bir satış strategiyası deyil,
- məişət obyektinin üzərində istifadə ediləcək simvol heç deyil…!
Zəfər – bir millətin şərəfi, onuru və tarixi yaddaşıdır.
Ona hörmətsizlik edən hər kəs bilməlidir ki,
Azərbaycan cəmiyyəti bu cür hallara susmayacaq!
Hörmətlə,
Ülkər Piriyeva
politoloq/ jurnalist
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta