Qusar, 8 yanvar, Elxan Yusifli, AZƏRTAC
Bu, mənim Azərbaycana ilk səfərimdir. Mən müsbət mənada çox təəccübləndim. Burada insanlar, şərait, xizək yolları çox gözəldir. Yarışa gəldikdə, çətin idi. Sözün açığı, bu qədər dik xizək yamacı gözləmirdim. Amma mənim üçün yaxşı alındı. Turnirdəki ilk çıxışımda uğurlu yarışdım. İkinci yer mənim üçün yaxşı nəticədir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Şahdağ” Turizm Mərkəzində keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ilk günündə gümüş medal qazanan isveçli idmançı Nikita Anner söyləyib.
İsveçli xizəkçi turnirə qatılan rəqiblərinin imkanlarını yüksək qiymətləndirərək deyib: “Gürcüstanlı idmançı Nino Thklauri çox çətin rəqibdir. İsveçrədə də çox yüksək səviyyədə yarışlar keçirilir. Amma bu turnirdə müxtəlif səviyyələrdə və fərqli ölkələrdən idmançılar var. Bu yarış təcrübə baxımından çox vacibdir”.
Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Qazaxıstan və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir.
Qeyd edək ki, turnir yanvarın 10-na qədər davam edəcək. Növbəti günlərdə idmançılar Slalom və Qiqant Slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar.