Venesuela lideri Nikolas Maduronun ABŞ-yə aparılmasından sonra ölkədə qalan və mümkün varis kimi göstərilən oğlu bütün diqqətləri üzərinə çəkib.
“Yeni Sabah” xəbər verir ki, yanvarın3-ü gecəsi əməliyyatı ilə ölkədə yaranan siyasi boşluq fonunda Maduronun oğlu Nikolas Ernesto Maduro Gerra maraq mərkəzinə çevrilib. O, vitse-prezident Delcy Rodrigesin müvəqqəti prezident kimi andiçmə mərasimində konstitusiyanı əlində tutmuşdu.
21 iyun 1990-cı il təvəllüdlü Nikolas Ernesto Maduro Gerra Nikolas Maduronun ilk xanımı Adriana Gerra Anqulodan olan oğludur. “Nikolasito” və ya “Şahzadə” ləqəbləri ilə tanınan gənc Maduro Silahlı Qüvvələr Universitetində iqtisadiyyat təhsili alıb. Gəncliyinin ilk illərində fleyta ifaçısı olan Maduro Gerra siyasətə atasının 2013-cü ildə prezident seçilməsindən sonra daxil olub.
2013-cü ilin sentyabrında rezidentin Xüsusi Müfəttişlər Birliyinin rəhbəri təyin edilən Maduro Gerra 2014-cü ildə Venesuela Milli Film İnstitutuna rəhbərlik edib. 2021-ci ildən isə hakim Birləşmiş Venesuela Sosialist Partiyasının (PSUV) üzvü kimi ölkə parlamentində təmsil olunur.
“Çavismo”nun mümkün varisi
Gənc Maduro sabiq prezident Uqo Çavesin qurduğu və Nikolas Maduronun davam etdirdiyi “Çavismo” siyasi hərəkatının mümkün varisi kimi qiymətləndirilir. 2 uşaq atası olan Maduro Gerra hazırda Venesuelanın müvəqqəti prezidenti elan edilən Delsi Rodrigesi açıq şəkildə dəstəkləyir.
ABŞ-də ata Maduroya qarşı 2020-ci ildə hazırlanmış ittiham aktında “şahzadə Maduro Gerra”dan da bəhs edilib. İttihamnamədə onun ağır cinayətlərdə iştirak etdiyi iddia olunur. “Şahzadə” ayda 2 dəfə dövlətə məxsus “PDVSA Falcon 900” tipli reaktiv təyyarə ilə Marqarita adasına uçub.
Yenə də iddianaməyə görə, sözügedən uçuşlar zamanı təyyarəyə “kapitanın narkotik olduğu müəyyən etdiyi, lentlə bərkidilmiş iri paketlər” yüklənib. Bir şahid ifadəsində bildirilir ki, “Şahzadə” bu təyyarənin istədiyi yerə, hətta ABŞ-nin hava məkanına belə maneəsiz uça biləcəyi ilə öyünüb.
Sənəddə iddia olunur ki, Nikolas Maduro Gerra 2017-ci ildə Venesueladan ABŞ-ın Mayami şəhərinə yüzlərlə kiloqram kokainin daşınmasına vasitəçilik edib, Mayamidə satıla bilməyən aşağı keyfiyyətli kokainin Nyu-Yorka göndərilməsi ilə bağlı danışıqlar da məhz onun iştirakı ilə aparılıb.
Bu ittihamlar ABŞ-də Nikolas Madura qarşı 2020-ci ildə hazırlanmış və bu yaxınlarda məxfiliyi aradan qaldırılmış 25 səhifəlik yenilənmiş iddianamədə yer alıb. Rəsmi Karakas isə bu iddiaları siyasi motivli və əsassız adlandırır.
İlhamə Qasımlı
Telegram kanalımız