Maddi çətinlik ailəyə necə təsir göstərir? -
Hər bir münasibətin görünən və görünməyən tərəfləri var. Gündəlik həyatda diqqətdən yayınan xırda narazılıqlar, deyilməyən sözlər və ertələnən problemlər adətən sakit dövrlərdə özünü büruzə vermir. Lakin həyat müəyyən məqamlarda insanı sınağa çəkir və münasibətlərin real gücü məhz belə anlarda üzə çıxır. Bu zaman tərəflərin bir-birinə anlayışı, səbrli davranışı və birlikdə qərar vermə bacarığı ön plana çıxır. Belə sınaqlardan biri də maddi çətinliklərlə bağlı olur. Bəs pul çatışmazlığı münasibətlərə necə təsir göstərir? Psixoloq Gülnar Orucova Metbuat.az-a açıqlamasında bildirib ki, pulun olmaması birbaşa sevginin yox olması demək deyil, amma münasibətlərdə zəif nöqtələri üzə çıxaran çox güclü psixoloji amildir: “Pul təhlükəsizlik hissi yaradır. Maddi çatışmazlıq xüsusilə gənc ailələrdə ciddi söz-söhbətlərə, ünsiyyətin pozulmasına və tərəflər arasında qarşıdurmalara səbəb ola bilər. Pulun olmaması insanı gələcək haqqında daha çox düşünməyə vadar edir. Əslində, fikrimcə, insanlar bu günü yaşaya bilsələr, münasibətlər daha möhkəm və daha xoşbəxt olar. Amma çox zaman insanlar gələcəyi həddindən artıq düşünürlər ki, “Pulsuz gələcək necə olacaq?”, “Uşağım olsa, necə dolanacağam?”, “Bunu necə edəcəyik?” və s. Bu cür qayğılar və qorxular ailə daxilində daha böyük problemlərin yaranmasına yol aça bilər”.
Maddi sıxıntı ailədaxili münasibətlərdə hansı mərhələdə ciddi problemə çevrilir? G.Orucovanın sözlərinə görə, bəzi qadınlar var ki, maddi çətinliyi problemə çevirmirlər, amma elələri də var ki, bu məsələni ailə üçün böyük bir problem halına gətirirlər: “Maddi sıxıntı o zaman təhlükəli olur ki, borclar bir-birindən gizlədilir, tərəflər bir-birini günahlandırmağa başlayır: “Sən ailə üçün heç nə etmirsən”, “Sən çalışmaq istəmirsən”. Bu cür ittihamlar ailənin dağılmasına qədər gedib çıxa bilər. Halbuki bu vəziyyətdən çıxmaq üçün gəlir və xərclər birlikdə hesablanmalı, tərəflər bir-birinə anlayışla və hörmətlə yanaşmalıdır. Heç vaxt qarşı tərəfi dəyərdən salmaq düzgün deyil. Bəzən elə hallar olur ki, bəyin qazancı azdır, amma xanımının işləməsinə icazə vermir. Ailə qurulursa, ehtiyac olduqda həm bəy, həm də xanım çalışmalıdır. “Mən işləyəcəyəm, amma sən işləməməlisən, ac qalsaq da” kimi düşüncələr ailə daxilində ciddi problemlərə yol açır”. Sosial media ailədaxili münasibətləri dəyişir? Psixoloq qeyd edib ki, sosial şəbəkələrdəki paylaşımlar insanlarda maddi narazılıq hissini daha da artırır: “İnsanlar başqalarının həyatını gördükcə özlərinə sual verirlər ki, “Niyə onda var, məndə yoxdur?”, “Niyə o gedir, mən gedə bilmirəm?”. Əvvəllər də insanlar gəzirdi, istirahət edirdi, amma bunu nümayiş etdirmirdilər. Telefonlar, sosial şəbəkələr yox idi deyə bu qədər göz önündə olmurdu. İndi isə bəzən insanlar sadəcə paylaşım etmək üçün səyahətə gedir, amma getdikləri yerdən belə zövq almırlar. Əgər biz başqa ölkələri görsək, fərqli həyat tərzləri ilə tanış olsaq, öz halımıza daha çox şükür edərik. Elə ölkələr var ki, orada insanların telefonları sadədir, heç bir dəbdəbə yoxdur, ancaq yenə də xoşbəxtdirlər. Bizdə isə sanki hər kəs mütləq bahalı telefon, marka geyim almalıdır. Məhz bu düşüncə tərzi maddi çətinlikləri artırır, ailələrdə gərginliyə və boşanmalara səbəb olur. Çünki insanlar çox vaxt xoşbəxtliyi yanlış yerlərdə axtarır”. Sevinc İbrahimzadə / Metbuat.az Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə dərc olunub.