AZ

QHT-lərin Türk dünyasında humanitar və iqtisadi əməkdaşlıq roluna çağırış

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bütövlükdə ölkəmizin və regionun yeni dövrü üçün strateji yol xəritəsi mahiyyəti daşıyır. Ümumiyyətlə, cənab Prezidentin bütün çıxış və müsahibələri həm Azərbaycan cəmiyyətinə, həm də Türk dünyasına aydın istiqamət göstərən, yol açan və xüsusi əhəmiyyət kəsb edən məqamlarla zəngindir”.

Bunu QHT.az-a açıqlamasında CASCFEN sədri, Əməkdar Jurnalist Nadir Azəri deyb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həmin müsahibə zamanı Türk dövlətləri ilə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa dair səsləndirdiyi fikirlər də həm strateji əhəmiyyət daşıyır, həm də son dərəcə aktualdır:

“Bu gün hamımıza məlumdur ki, yeni dünya düzəni formalaşma mərhələsindədir və köhnə dünya düzənindən demək olar ki, əsər-əlamət qalmayıb. Yeni dünya reallıqları fonunda cənab Prezidentin də vurğuladığı kimi, “kim güclüdürsə, o da haqlıdır” prinsipi ön plana çıxır. Deməli, haqlı olduğumuzu sübut etmək üçün biz eyni zamanda güclü olmalıyıq. Güclü olmağın əsas yolu isə bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək və vahid mövqe nümayiş etdirməkdir. Necə ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bir yumruq kimi birləşərək düşməni məğlub etdi, bu gün də bütün Türk dünyası vahid “dəmir yumruq” olmalıdır. Bu “dəmir yumruq” təkcə bizə qarşı yönələn təhdidlərə cavab verməklə kifayətlənməməli, eyni zamanda ümumi gələcəyimiz, təhlükəsizliyimiz, eləcə də iqtisadi, mədəni və siyasi inkişafımız üçün gücləndirici bir faktor rolunu oynamalıdır”.

N.Azəri bildirib ki, Türk dünyasının, bu məkanın vahid birliyi olan Türk Dövlətləri Təşkilatının güclü olması üçün real və ardıcıl addımların atılması vacibdir:

“Hesab edirəm ki, Türk dünyasında humanitar, sosial, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafı, vətəndaş diplomatiyasının gücləndirilməsi baxımından əsas vəzifələrdən biri məhz qeyri-hökumət təşkilatlarının üzərinə düşür”.

Seçilən
18
qht.az

1Mənbələr