Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi çərçivəsində aktiv iş gedir.
“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, delimitasiya prosesi Almatı bəyannaməsi əsasında Ermənistan ilə Azərbaycan arasında sərhədin tənzimlənməsinə yönəlib.
"İndi proses gedir, delimitasiya işləri davam edəcək. Ən azı TRIPP ("Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu") layihəsi çərçivəsində kommunikasiyaların işləməyə başlaması üçün sərhədlər demarkasiya edilməlidir", - Paşinyan qeyd edib.
Bundan əlavə, o, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin TRIPP layihəsinin başlanması üçün Ermənistana səfər edə biləcəyi barədə məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
"Bu səviyyədə bir səfər haqqında məlumatı yüz faiz təsdiqləyə biləcək şey yalnız rəsmi məlumatdır", - o vurğulayıb.