ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Xarici İşlər Naziri Seyyid Abbas Ərakçi, İsrail və ABŞ-ın İranı yenidən hədəf alacağı ilə bağlı təhdidlərinə cavab olaraq: "Biz hər vəziyyətə tam hazırıq; savaş istəmirik, amma həm müharibə, həm də müzakirə üçün hazırlıqlıyıq", - deyib.
Bizimyol.info xəbər verir ki, Ərakçi, rəsmi görüşlər üçün bugün Livana səfər edib və Beyrut Hava Limanında jurnalistlərə açıqlama verib. O, Livanla əlaqələri inkişaf etdirmək niyyətində olduğunu bildirib və bu günlərdə ölkə rəhbərliyi ilə regional vəziyyəti müzakirə edəcəyini söyləyib.
Nazir, bölgənin ciddi təhdidlərlə qarşı-qarşıya olduğunu vurğulayıb: "Sionist rejimi tərəfindən gələn təhdidlər heç vaxt bu qədər böyük olmamışdı. Son iki ildə Livan, İran da daxil olmaqla, yeddi ölkə bu rejimin hücumlarına məruz qalıb", - deyə bildirib. Livan torpaqlarının hələ də işğal altında olduğunu və bir neçə dəfə atəşkəsin pozulduğunu qeyd edib.
Ərakçi, bu səfərinin əsas məqsədinin Livan hökuməti ilə birbaşa müzakirələr aparmaq olduğunu söyləyib. O, həmçinin İranın regional ölkələrlə mütəmadi olaraq məsləhətləşdiyini, bu səfərin də bu prosesin bir hissəsi olduğunu qeyd edib.
İran-Livan münasibətlərinə toxunan Ərakçi, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uzun tarixə malik olduğunu bildirərək, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini məqsəd qoyduqlarını ifadə edib. O, İranın Livan hökuməti ilə əlaqələri daha da gücləndirmək istədiyini və bu məqsədlə Livanın İqtisadiyyat Naziri ilə görüşəcəyini bildirib.
İranın Livanın suverenliyinə və torpaq bütövlüyünə olan dəstəyini təkrarlayan Ərakçi, iki ölkə arasındakı ticarət həcminin 110 milyon dollara çatdığını və bu rəqəmin əlaqələrin böyüdüyünü göstərdiyini bildirib.
İsrail və ABŞ-ın İrana qarşı təhdidlərinə dair sualı cavablandıran Ərakçi: "ABŞ və İsrail daha əvvəl İrana hücum etməyə cəhd ediblər və hər dəfə eyni nəticəni alıblar. Biz hər vəziyyətə tam hazırıq; savaş istəmirik, amma həm müharibə, həm də müzakirə üçün hazırlıqlıyıq", - deyib. O, müzakirələrin qarşılıqlı hörmət və maraqlar əsasında aparılması lazım olduğunu və "Amerikalılar zorla hərəkət etməyin müzakirə ilə eyni şey olmadığını başa düşdükdə, ölkələr arasında mənalı bir müzakirə ola bilər" söyləyib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.