Berlin, 8 yanvar, AZƏRTAC
Almaniyanı qarşıdakı günlərdə qeyri-sabit və çətin hava şəraiti gözləyir. Bu gecədən etibarən Almaniyaya çatacaq “Elli” fırtınasının güclü külək, qar və buzlanmaya səbəb olacağı bildirilir.
AZƏRTAC xəbər verir ki, Almaniya Meteorologiya Xidməti (DWD) xüsusilə Bremen və Hamburq şəhərləri arasındakı Şimali Almaniya bölgələrinin, Şərqi Almaniya və Harz dağlıq ərazilərinin risk altında olduğunu açıqlayıb. Bələdiyyələr, nəqliyyat qurumları yaxınlaşan fırtınanın mümkün fəsadlarına qarşı hazırlıq tədbirləri görür, ictimai təşkilatlar isə xüsusilə evsiz insanlar üçün ciddi təhlükə barədə xəbərdarlıq edirlər. Şimal dənizindən ölkənin şərqinə qədər uzanan geniş ərazilərdə təxminən 10, bəzi yerlərdə isə 20 santimetrədək yeni qar örtüyü formalaşacağı gözlənilir.
Rəsmi qurumlar və meteoroloqlar əhaliyə zərurət olmadıqca evdən çıxmamaları və avtomobildən istifadə etməmələri barədə xəbərdarlıq edib. Bəzi əyalətlərdə, o cümlədən Hamburq və Bremen şəhərlərində məktəblər bağlanıb, dərslər onlayn formatda keçiriləcək.
“Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkəti hava şəraiti ilə əlaqədar uzaqməsafəli reyslərdə gecikmələrin və ixtisarların olacağını açıqlayıb. Şimali Almaniyanın bəzi hissələrində uzaqməsafəli qatarların sayı azaldılıb. Şimal dənizində də gəmilərin hərəkətində fasilələr gözlənilir.
Dənizçilik və Hidroqrafiya İdarəsi Baltik dənizi sahillərində axşam saatlarında fırtına təhlükəsi barədə xəbərdarlıq edib. Kiel və Lübek körfəzlərində su səviyyəsinin normal göstəricidən 1,20 metrədək yüksələcəyi gözlənilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin