Son günlər yanacaq qiymətlərindəki artım məhsul və xidmət sektorunda da öz təsirini göstərməyə başlayıb. Gündəlik xərcləri artırdıqca cəmiyyətdə haqlı bir sual yaranır, hazırki iqtisadi şərait fonunda minimum əməkhaqqının artırıla bilər? İqtisadçı ekspert Fuad İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, dizelin qiyməti birdən-birə 10 faiz bahalaşırsa, bu əlavə xərc haradasa əksini tapmalıdır: “Ölkədə bütün məhsulların daşınması əsasən dizel mühərrikli avtomobillərlə həyata keçirilir. Bu xərci sürücünün öz üzərinə götürməsi mümkün deyil. Nəticədə həmin artım daşınan məhsulun və göstərilən xidmətin üzərinə yönəlir. Yəni bu bahalaşma təbiidir. Amma bunu birbaşa minimum əməkhaqqının artırılmasına avtomatik təsir edən mexanizm kimi qəbul etmək də düzgün olmaz. Yəni “mütləq buna görə minimum əməkhaqqı qalxmalıdır” yanaşması ilə yox, ümumilikdə artım zəruridir”.
F.İbrahimov qeyd edib ki, bu gün minimum əməkhaqqı Azərbaycanın özünü beynəlxalq arenada iqtisadi cəhətdən qüdrətli dövlət kimi təqdim etdiyi bir şəraitdə mövcud reallıqlara uyğun deyil: “400 manat minimum əməkhaqqı heç bir istehlak səbətinin tələblərinə cavab vermir. Burada söhbət insanın normal yaşamasından gedir və bu məbləğ bunu təmin etmir. Buna görə də minimum əməkhaqqı artırılmalıdır”. Sevinc İbrahimzadə / Metbuat.az