Bakı, 8 yanvar, AZƏRTAC
Klassik audit metodları – riskin qiymətləndirilməsi, audit sübutlarının toplanması, analitik prosedurlar, sənədləşmə və professional mühakimə rəqəmsal dövrdə də öz aktuallığını saxlayır. Rəqəmsal alətlər yalnız bu metodların daha dəqiq, daha şəffaf və daha operativ şəkildə həyata keçirilməsinə imkan verir. Auditor mühakiməsi və peşə məsuliyyəti isə heç bir texnologiya ilə əvəz edilə bilməz.
Auditorlar Palatası rəqəmsal auditə keçidi sürətləndirmək məqsədilə son illərdə bir sıra yenilikləri həyata keçirir. Hazırda auditorların fəaliyyətini vahid platformada birləşdirən “e-audit.gov.az” – Auditorun Şəxsi Kabineti sistemi yenilənir və yaxın vaxtlarda tam istifadəyə verilməsi planlaşdırılır. Bu sistem auditor fəaliyyətinin monitorinqini və hesabatlılığı tam və şəffaf şəkildə həyata keçirməyə imkan verəcək. Sistemin digər dövlət qurumları ilə inteqrasiyası prosesləri sürətləndirəcək və məlumat mübadiləsini asanlaşdıracaq.
Palatadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum, həmçinin növbəti 5 il üçün böyük əhəmiyyət kəsb edən yeni layihə – lokal audit proqram təminatının hazırlanması üzərində işləyir. Bu proqram ölkə üzrə audit metodologiyasının vahidləşdirilməsinə, bütün auditorlar üçün eyni səviyyəli rəqəmsal imkanların yaradılmasına və keyfiyyətə nəzarətin standartlaşdırılmasına xidmət edəcək. Bazarın tələbləri nəzərə alınmaqla hazırlanan bu proqram auditorların real ehtiyaclarına uyğunlaşdırılmış yerli məhsul olacaq.
Bundan başqa, palata tərəfindən artıq fəaliyyət göstərən rəqəmsal sistemlər auditor peşəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına əhəmiyyətli töhfə verir. Bunlara palata ilə auditorlar arasında elektron sənəd mübadiləsi sistemi, “icaze-audit.gov.az” portalı vasitəsilə sertifikatlaşdırma və icazələrin verilməsi,dayandırılması, bərpası və ləğvi, auditi aparılmış təsərrüfat subyektləri paneli daxildir.
Auditin distant aparılması üçün palata “TrueConf”, “Zoom”, “Microsoft Teams”, “Google Meet”, “GoToMeeting”, “Ring Central Video”, “Discord”, “Skype”, “Slack” və “Free Conference” kimi beynəlxalq səviyyədə tanınmış platformalardan istifadəni də tövsiyə edir. Palata tərəfindən həyata keçirilən tədbirlər həm auditin keyfiyyətini yüksəldir, həm şəffaflığı təmin edir, həm də auditor peşəsinin rəqəmsal dövrün tələblərinə uyğun inkişafını təmin edir.