AZ

B-READY 2025 hesabatı və internet reallığında rəsmi açıqlamalarla faktlar niyə üst-üstə düşmür? » AzadMedia.az



Son günlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və “Aztelekom” tərəfindən yayılan açıqlamalarda Azərbaycanda internet xidmətləri üzrə beynəlxalq hesabatlarda yüksək nəticələrin əldə edildiyi bildirilir. Bu açıqlamalar Dünya Bankının biznes mühitini ölçən Business Ready (B-READY) 2025 hesabatına istinad edir və əsasən kommunal xidmətlər sahəsində əldə olunan göstəricilər ön plana çıxarılır.
Lakin hesabatın bütövlükdə təhlili göstərir ki, rəsmi qurumların təqdim etdiyi mənzərə reallığı tam əks etdirmir. Daha dəqiq desək, hesabatdan yalnız bir müsbət göstərici seçilərək ictimaiyyətə təqdim olunur, digər – daha problemli indikatorlar isə kölgədə qalır.

B-READY 2025 hesabatında internet xidməti ilk dəfə olaraq “Utility Services” – kommunal xidmətlər indikatoruna daxil edilib. Bu indikator üzrə Azərbaycan 83.05 bal toplayaraq 25-ci yerdə qərarlaşıb. Bu nəticə ölkədə internet infrastrukturunun mövcudluğunu, texniki qoşulma imkanlarını və şəbəkənin əlçatanlığını əks etdirir. Bu baxımdan göstərici həqiqətən də müsbətdir və infrastruktur sahəsində son illərdə görülən işləri inkar etmək olmaz.
Ancaq hesabat yalnız infrastrukturdan ibarət deyil.
Əsas problemlər digər indikatorlarda üzə çıxır
Hesabatda Azərbaycanın Operational Efficiency (Əməliyyat effektivliyi) göstəricisi 63.34 bal olaraq qiymətləndirilib. Bu indikator internet xidmətlərinin real istifadəsini, qiymət–keyfiyyət uyğunluğunu, məcburi minimal paketləri və istifadəçilərin üzərinə düşən əlavə xərcləri ölçür. Bu nəticə göstərir ki, texniki imkanların mövcudluğu xidmətin istifadəçi üçün rahat və əlverişli olması demək deyil.
Daha narahatedici mənzərə isə Market Competition (Rəqabətli mühit) indikatorunda ortaya çıxır. Azərbaycan bu göstərici üzrə cəmi 45.28 bal toplayaraq aşağı qrupda qərarlaşıb. Bu isə bazarda real rəqabətin zəif olduğunu, seçim imkanlarının məhdudlaşdığını və qiymətlərin azad bazar mexanizmi ilə formalaşmadığını göstərir.

Məhz bu məqamlar uzun müddətdir İKT üzrə ekspert, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tərəfindən də diqqətə çatdırılır. O, dəfələrlə bildirib ki, internet infrastrukturunun genişlənməsi müsbət addımdır, lakin bu proses real rəqabət və effektiv tənzimləmə ilə müşayiət olunmayanda istifadəçi üçün ciddi fayda yaratmır.
Osman Gündüzün fikrincə, bazarda dominant provayder mövqeyinin güclənməsi, minimal tariflərin məcburi şəkildə artırılması və alternativ seçimlərin məhdudlaşdırılması internet xidmətlərinin bahalaşmasına və keyfiyyət–qiymət balansının pozulmasına səbəb olur. Onun vurğuladığı bu problemlər B-READY 2025 hesabatında xüsusilə Market Competition indikatorunda açıq şəkildə əksini tapır.
Ekspert həmçinin qeyd edir ki, tənzimləyici mexanizmlər real rəqabəti təşviq etmək əvəzinə, mövcud dominantlığı qoruyub saxlayır. Bu isə həm istifadəçi məmnuniyyətinə, həm də bazarın sağlam inkişafına mənfi təsir göstərir.
Hesabat problemi gizlətmir, açıqlamalar gizlədir
Beləliklə, Business Ready 2025 hesabatı göstərir ki, Azərbaycanda internet artıq kommunal xidmət kimi geniş infrastruktura malikdir və bu sahədə texniki göstəricilər yüksəkdir. Lakin eyni zamanda qiymətlərin əlçatanlığı, real istifadə rahatlığı və rəqabətli mühit baxımından ciddi struktur problemlər qalmaqdadır.
Bu fonda rəsmi qurumların yalnız bir müsbət göstəricini qabardaraq, digər indikatorları görməzdən gəlməsi təəssüf doğurur. Hesabatın özü reallığı gizlətmir – əksinə, problemləri açıq şəkildə göstərir. Reallığı tam əks etdirməyən isə hesabatın ictimaiyyətə təqdim olunma formasıdır.
Əslində bu hesabat internet sektorunda islahatların haradan başlamalı olduğunu açıq şəkildə göstərir. Problemi danmaq yox, onu qəbul edib həll yolları axtarmaq isə artıq idarəetmə yanaşmasının məsuliyyət məsələsidir.
Seçilən
46
1
azadmedia.az

2Mənbələr