Ermənistanın iki şirkəti Azərbaycanla ƏLAQƏ QURUB
Ajans.az xəbər verir ki,bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 8-də jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, proses hazırda davam edir və tərəflər arasında müzakirələr aparılır. Paşinyan xatırladıb ki, daha əvvəl Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinləri arasında keçirilən görüş zamanı Azərbaycan tərəfi Ermənistana neft məhsullarının satılmasında maraqlı olduğunu ifadə edib. Baş nazir qeyd edib ki, bundan sonra Ermənistan Nazirlər Kabineti bazardakı vəziyyəti və bu mövzunu siyasi alətə çevirmək istəməyən biznes dairələrinin mövqeyini araşdırıb. O bildirib ki, hökumət heç bir sahibkara Azərbaycandan yanacaq almaq üçün təzyiq göstərməyib və bəzi iş adamları da belə bir niyyətlərinin olmadığını açıq şəkildə bəyan ediblər. “Biz yalnız belə bir ehtimalın mövcud olduğunu bildirdik. Hər iki ölkədən şirkətlər, o cümlədən Ermənistandan iki şirkət artıq əlaqələr qurub”, – deyə Paşinyan vurğulayıb. O, həmçinin Azərbaycandan gətirilən ilk yanacaq partiyası zamanı müəyyən boykot hallarının baş verdiyini etiraf edib. Paşinyanın sözlərinə görə, bəzi yanacaqdoldurma məntəqələri Azərbaycan istehsalı olan benzinin satışından imtina edib. Baş nazir bunu hökumətin ilkin narahatlıqlarının əsaslı olduğunu göstərən amil kimi qiymətləndirib. “Düşünürəm ki, zamanla hər kəs bazarın hamı üçün açıq olduğunu anlayacaq və bu imkandan yararlanmaq istəyənlər bunu edə biləcək”, – deyə Paşinyan fikrini yekunlaşdırıb.