AZ

Trampın Qrenlandiya ambisiyası: Maliyyə sövdələşməsi, yoxsa NATO-nun iflası? – ÖZƏL

"Donald Tramp hakimiyyətə gələr-gəlməz səsləndirdiyi fikirlərdən biri, şübhəsiz ki, Qrenlandiyanın Danimarkadan alınması idi. Eyni zamanda Kanadanın ABŞ-nin 51-ci ştatı kimi birləşdirilməsi və Panama kanalı ilə bağlı tələblər də gündəmə gətirilmişdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu gün həmin tələblər sırasında Qrenlandiya məsələsinin yenidən son dərəcə ciddi formada gündəmə daşınması, ABŞ-nin bu mövzuda nə qədər israrlı və ardıcıl mövqe tutduğunu açıq şəkildə göstərir. Lakin Avropa Birliyinin, eləcə də NATO üzvü olan Avropa ölkələrinin Amerikanın bu siyasətinə isti yanaşmaması, bu istiqamətdə fikir ayrılıqlarını dərinləşdirir. Bununla belə, mövcud vəziyyət müzakirələrin hələ bir müddət də davam edəcəyini deməyə əsas verir.

Ekspert qeyd edib ki, əgər Qrenlandiyanın pulla alınması variantı real olarsa, bu prosesin daha sürətlə reallaşması mümkündür. Ancaq adanın hərbi güc yolu ilə işğal edilməsi ABŞ ilə onun ənənəvi müttəfiqləri arasında münasibətləri ciddi şəkildə gərginləşdirə bilər. Xüsusilə NATO çərçivəsində hərbi əməkdaşlığın böhranına, hətta iflasına gətirib çıxara bilər. Bu baxımdan bu gün səsləndirilən hərbi təhdidlər daha çox psixoloji savaş elementlərini xatırladır. Qrenlandiyanın maliyyə təşviqləri hesabına Danimarkadan ayrılmağa həvəsləndirilməsi və ya adanın iqtisadi yolla əldə olunması variantı mümkün görünür. Lakin hərbi qarşıdurma ssenarisi, hesab edirəm ki, hazırkı mərhələdə heç bir tərəf üçün qəbul edilən seçim deyil. Xüsusilə son günlər Fransa tərəfindən Qrenlandiya məsələsinin Avropalı müttəfiqlərlə müzakirəyə çıxarılması onu göstərir ki, Paris bu məsələdə Amerikanın siyasətini sona qədər dəstəkləmək niyyətində deyil. Əksinə, Fransa daha çox haqlı tərəf kimi çıxış edən Danimarkanı müdafiə etməklə problemin hərbi müstəvidə həllini daha da çətinləşdirir. Bu mövqe, xüsusilə Afrikadakı keçmiş Fransa müstəmləkələrində ABŞ-nin Fransaya dəstək verməməsi fonunda formalaşan ümumi narazılıqların davamı kimi də qiymətləndirilə bilər.

"Əgər Danimarka hakimiyyətini və ya Qrenlandiya sakinlərini maliyyə və siyasi güzəştlərlə razı salmaq mümkün olarsa, proses sürətlənə bilər. Əks halda isə bu məsələ uzunmüddətli müzakirə predmetinə çevriləcək və Avropa İttifaqı ilə ABŞ arasında etimadın azalması fonunda gərginlik davam edəcək", - deyə siyasi şərhçi vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
44
olaylar.az

1Mənbələr