Azərbaycanda ümumtəhsil məktəblərində dərs müddətinin 45 dəqiqədən 1 saata uzadılması məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Maraqlıdır, məktəblərdə dərs müddətinin 45 dəqiqədən 1 saata uzadılması yenidən gündəmə gələ bilərmi?
Bu barədə KONKRET.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, əksinə, son illər dərs saatlarının artırılması deyil, azaldılması ilə bağlı ideyalar gündəmdə olub. Onun sözlərinə görə, müzakirələr əsasən dərslərin 40 dəqiqəlik keçirilməsi və tənəffüslərin 10 dəqiqəyə qədər uzadılması üzərində aparılıb.
Ekspert vurğulayıb ki, dərs müddətinin 1 saata çatdırılması nə pedaqoji, nə də psixoloji baxımdan məqsədəuyğundur:
“Bir saatlıq dərs auditoriyada belə tələbələr üçün çətindir. Qaldı ki, ümumtəhsil məktəblərində oxuyan şagirdlər üçün bu, daha dözülməz ola bilər. Bu baxımdan dərs müddətinin artırılması real deyil”.
Məzahir Məmmədli əlavə edib ki, dünya təcrübəsində də dərs saatlarının 1 saata qədər uzadılması praktikasına rast gəlinmir. Onun fikrincə, gələcəkdə dərs müddətinin azaldılması ilə bağlı müzakirələr aparıla bilər, lakin artırılması gündəmə gələ bilməz.
Beləliklə, ekspertlərin mövqeyinə əsasən, dərs saatlarının uzadılması təhsilin keyfiyyətini artırmaqdan daha çox şagirdlərin diqqət və davamlılıq problemini dərinləşdirə bilər.
Aynurə İsmayıl
KONKRET.az