“Azərbaycan həmişə xarici siyasətdə praqmatik məntiqlə çıxış edərək dünya siyasətinə rasionalist yanaşıb. Bu rasional yanaşma, nəticə etibarilə hadisələri olduğu kimi, düzgün qiymətləndirmə Azərbaycana çox böyük uğurlar qazandırıb. Qəzza hadisələri, İsrail-Fələstin münaqişəsi dünyanın ən mürəkkəb münaqişələrindən biridir. Heç də bir çoxlarının düşündüyü kimi, 1947-ci ildən başlayan münaqişə deyil. Hələ İbrahim Peyğəmbərin zamanında hazırda İsrail və Fələstinin mövcud olduğu Kənan torpaqlarında, Aramey torpaqlarında, Frigiya ərazisində, yəni Livanın da daxil olduğu ərazilərdə daima münaqişələr olub. Bu gün də olur, sabah da olacaq. Azərbaycan isə nə coğrafiya etibarilə münaqişənin bir parçasıdır, nə də bugünkü siyasi reallıqlar etibarilə münaqişədə tərəf olacaq qədər böyük dövlətdir. Buna görə də Azərbaycan Prezidenti İsrail-Fələstin münaqişəsini xarakterizə edərkən iki xüsusda mühüm məsələyə toxundu. Biri bu idi ki, Fələstin də bizi xüsusi olaraq dəstəkləməyib. Düşünürəm, bu zaman Yasər Ərəfatın da, Mahmud Abbasın da Qarabağ ermənilərini "əzilən, haqları, hüquqları tapdalanan xalq" kimi qiymətləndirmələrini yada salmalıyıq. Bugünkü reallığa baxmalıyıq. Fələstinin xarici işlər naziri yenə də ermənidir. Belə olan halda biz istəsək belə, ortaq İslami deyərlər üzərində Fələstin probleminin həllinə real töhfələr verə bilmərik”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Azərbaycan sadəcə ümumi İslam əməkdaşlığı kontekstində əlindən nə gəlirsə, edə bilər: “Bunu da edirik. Siyasətdə realizm çox vacibdir. Azərbaycan Prezidenti yaxşı təsbit apararaq qeyd etdi ki, Ərəb Dövlətləri Liqası var. Həm coğrafi yaxınlıq, həm də maddi və hərbi güc etibarilə onlar bu problemin həllinə daha böyük töhfələr verə bilərlər. Bəs onlar bunu edirlərmi? Artıq bu, başqa məsələdir. Buna görə də Azərbaycan Prezidenti dedi ki, biz vaqonu lokomotivin üzərinə keçirsək, heç şübhəsiz ki, lokomotivin önündə tormozlayıcı funksiya yerinə yetirəcək. Amma Fələstin-İsrail müharibəsində öndə lokomotiv olmalıdır ki, qatarı arxasınca gətirə bilsin. Lokomotiv isə ilk növbədə Ərəb Dövlətləri Liqası, sonra İslam Əməkdaşlıq Təşkilatı ölkələridir. Bu platformaların hər birində Azərbaycan əlindən gələn dəstəyi ifadə edir. Bu gün bizim üçün həyati vacib əhəmiyyətli strateji məqsəd Azərbaycanın təhlükəsizliyini təmin etmək, müstəqilliyini qorumaqdır. Bizi gücləndirəcək, xalqımızı rifaha qovuşduracaq hansı ölkə ilə əməkdaşlıq etmək lazımdırsa, həmin ölkələrlə əməkdaşlıq edəcəyik. Çünki Azərbaycan xalqının milli iradəsi, dövlətimizin maraqları bunu tələb edir”.
Aytəkin Qardaşova