Paris, 8 yanvar, AZƏRTAC
Yanvarın 8-də səhər tezdən fermerlər Fransanın paytaxtında etiraz aksiyalarına başlayıblar. Daxili İşlər Nazirliyinin məlumatına görə, yüzlərlə traktor Parisin mərkəzi küçələrini zəbt edib.
AZƏRTAC xəbər verir ki, “Kənd Koordinasiyası” təşkilatına üzv fermerlər “Eyfel” qülləsi və “Zəfər tağı” kimi paytaxtın simvolik məkanlarını bağlayaraq Avropa İttifaqı ilə Mərkəzi Amerika ölkələri arasında nəzərdə tutulan ticarət sazişinə, eləcə də dövlətin iribuynuzlu heyvanlar arasında yayılan “nodulyar dermatit” xəstəliyi ilə mübarizədə passivlik göstərməsinə etiraz edirlər.
Hökumətin sözçüsü Mod Brejon “Franceinfo” kanalına açıqlamasında vəziyyəti qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, hökumət fermerlərlə daim dialoqdadır. Baş nazir Sebastyan Lökornü bazar ertəsi və çərşənbə axşamı fermerləri qəbul edib və cümə gününədək konkret açıqlamaların veriləcəyini vəd edib.
Mod Brejon fermerləri hədələməkdən də çəkinməyib. “Bütün bunlar qanunsuzdur. Biz buna icazə vermirik və verməyəcəyik”, - deyə hökumətin sözcüsü qeyd edib. O, ticarət sazişi ilə bağlı danışarkən Prezidentin və Hökumətin fermerlərin qorunması üçün xüsusi şərtlər tələb etdiyini də bildirib. Mod Brejon “nodulyar dermatit”lə bağlı tənqidləri də qəbul etməyərək vaksinasiya məsələsində bütün imkanların səfərbər olunduğunu deyib.