Moskva, 8 yanvar, AZƏRTAC
Rusiya ardıcıl olaraq Azərbaycan ilə Ermənistan arasında sülh yolu ilə nizamlanmanı dəstəkləyir, çünki bu, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi ilə birbaşa bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksey Yaroşenko Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən bildirib.
Ekspert qeyd edib: “Rusiya, xüsusən də postsovet məkanında və Cənubi Qafqaz kimi vacib bir bölgədə sülh yolu ilə nizamlanmanı alqışlayır və həmişə təqdir edib, çünki bu region Rusiyanın sərhədlərinə birbaşa bitişikdir”.
Onun sözlərinə görə, iki Cənubi Qafqaz ölkəsi arasında sülh regionda uzunmüddətli sabitliyin təməlini yaradır.
Prezident İlham Əliyevin müsahibəsində qeyd olunan məqamları şərh edən A. Yaroşenko bildirib ki, Bakı ilə Yerevan arasında münasibətlər prinsipcə yeni səviyyəyə çatır. “Azərbaycan ilə Ermənistan arasında münasibətlər inkişaf etməyə başlayır və artıq birbaşa qurulur. Rusiya üçün bu, yenidən gərginləşmə riskinin azalması deməkdir. Region böhran və hərbi münaqişələrin idarə olunması məntiqindən inkişaf idarəetməsi məntiqinə keçir. Bu, Rusiya üçün aydın və məqbul bir modeldir”, - deyə o əlavə edib.
İqtisadi və infrastruktur layihələrinin əhəmiyyətindən danışan politoloq vurğulayıb: “Cənubi Qafqazda uzunmüddətli iqtisadi və infrastruktur layihələri nə qədər çox olarsa, qəfil güc istifadəsi ssenariləri üçün bir o qədər az yer qalar”.
Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətinin sülh dövründə yaşamağı öyrəndiyi barədə sözlərinə münasibət bildirən A. Yaroşenko Ermənistanda da oxşar proseslərin baş verəcəyinə ümid etdiyini bildirib: “Ümid edirik ki, Ermənistan cəmiyyəti müharibə və militarist əhval-ruhiyyəni azaldacaq”.
Xarici aktorların roluna gəldikdə, ekspert zamin statusu uğrunda artan rəqabəti qeyd edib. “Rusiya heç vaxt bu roldan imtina etməyib və onu effektiv şəkildə yerinə yetirmək üçün daha böyük resurslara və öhdəliklərə malikdir. Lakin nəticə etibarilə, xarici zamin kimi kimin çıxış edəcəyini Ermənistan və Azərbaycan müəyyən etməlidir” -deyə Yaroşenko bildirib.
Politoloq, həmçinin Azərbaycan Prezidentinin müsahibəsində qaldırılan kommunikasiyaların açılması məsələsinə də münasibət bildirib: “Ermənistan kommunikasiyaların açılmasından faydalanacaq və uduzan tərəf hesab olunmasına baxmayaraq, bu ölkə də uzunmüddətli sülhün bərqərar olmasından yararlanacaq”.
Onun sözlərinə görə, bu marşrutların açılması Ermənistan üçün yeni iqtisadi imkanlar yaradacaq. Ermənistan Rusiya, İran və Türkiyə bazarlarına daha şaxələnmiş çıxış əldə edəcək və bir neçə marşrutla məhdudlaşmaq əvəzinə, əsas logistika zəncirlərinə inteqrasiya oluna biləcək.
Nəqliyyat dəhlizlərinin əhəmiyyətini şərh edən A. Yaroşenko daha sonra vurğulayıb: “Bu marşrutlar “Şimal-Cənub” nəqliyyat dəhlizi boyunca mövcud logistika marşrutlarının təkrarlanmasına və şaxələndirilməsinə imkan verəcək. Rusiya və dünya üçün bu, malların daşınması baxımından vacib bir dəhlizdir”.
Şərhini ümumiləşdirən politoloq regionun yeni bir mərhələyə qədəm qoyduğunu bildirib: “Cənubi Qafqaz bu gün yeni bir mərhələyə qədəm qoyur, bu mərhələdə avtomobil, dəmir yolları, limanlar və logistika mərkəzləri regional dayanıqlıq üçün çərçivə təşkil edəcək”. O əlavə edib ki, iqtisadi əlaqələr panaseya deyil, əhəmiyyətli sabitləşdirici amil olaraq qalır.
“Rusiya müharibədən sonrakı yeni dövrdə Ermənistan ilə Azərbaycan arasında sıx iqtisadi əlaqələrin qurulmasını alqışlayır və inanır ki, bu, Cənubi Qafqazda uzunmüddətli kollektiv təhlükəsizlik sisteminə töhfə verəcək”, - deyə A. Yaroşenko sözlərini yekunlaşdırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva