AZ

Britaniya və Fransa Rusiya ilə savaşa başlayır?

“Paris görüşünün əsas məqsədi atəşkəs və müharibənin bitməsindən sonrakı gedişatı müəyyənləşdirməkdir. Müharibə gedərkən çətin ki Fransa və ya Böyük Britaniya kimi ölkələr Ukraynaya silahlı qüvvələrini göndərsin”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, tərəflər hələ ciddi məsələ ilə bağlı bir suala cavab tapa bilmirlər:

 

“Tutaq ki, silahlı qüvvələri Ukraynada atəşkəs dövründə yerləşdirdilər. Rusiya yenə hücum etsə, Britaniya və Fransa silahlı qüvvələri, Ukrayna-Rusiya ilə savaşa daxil olacaqlarmı? Yoxsa geri çəkiləcəklərmi? Geri çəkiləcəklərsə, onda silahlı qüvvələrin Ukraynada yerləşdirilməsinin nə mənası var? Bu kimi ciddi suallara hələ cavab yoxdur. Sadəcə Paris görüşü Vaşinqtona bir mesaj xarakteri daşıyır ki, Tramp adminstrasiyası Ukrayna ilə bağlı plan hazırlayarkən Avropa İttifaqının  da maraqlarını nəzərə alsın. Ukrayna ilə Avropa İttifaqının maraqları üst-üstə düşür. Amma Ukrayna ilə Avropa İttifaqının oxşar maraqları Amerikanın maraqları ilə üst-üstə düşmür”.

E.Şahinoğlu qeyd edib ki, Amerika adminstrasiyası nəyin hesabına olursa olsun, atəşkəs və ya sülh istəyir: “Hətta Donbasın tamamilə Rusiyanın nəzarəti altına keçməsinə də razıdır. Bu da nə Ukraynanın, nə də Avropa İttifaqının maraqlarına cavab verir”.

 

Qeyd: Parisdə “İstəklilər koalisiyası”nın sammiti keçirilib. İclasda müzakirə edilən əsas məsələlər atəşkəsin təmin edilməsi və onun monitorinqi, Ukrayna Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsi, çoxmillətli qüvvələrin Ukraynada yerləşdirilmə formatı, Rusiyanın yeni təcavüzü zamanı müttəfiqlərin öhdəlikləri və uzunmüddətli müdafiə əməkdaşlığı olub. Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa, Britaniya və Ukrayna hərbçiləri Silahlı Qüvvələri təşkil edən qüvvələrin, sayının və xüsusi silah növlərinin yerləşdirilməsi üzərində təfərrüatlı danışıldığını bildirib. Həmçininn o qeyd edib ki, Paris görüşündə Amerika tərəfi ilə sülhün pozulmasının qarşısını almaq üçün monitorinq məsələsini ətraflı müzakirə ediblər.

 

Şəhanə Quliyeva

Tarix: 8 Yanvar 2026, 14:17   
Seçilən
17
pravda.az

1Mənbələr