AZ

Türkiyəli mütəxəssis: Müşahidə olunan temperatur dəyişiklikləri Xəzər dənizi hövzəsinin sürətlə istiləşdiyini göstərir

Bakı, 8 yanvar, Göyçək Mahmudlu, AZƏRTAC

Xəzər dənizi hövzəsi dünyanın istiləşən bölgələrindən birində yerləşir. Müşahidə olunan temperatur dəyişiklikləri Xəzər dənizi hövzəsinin sürətlə istiləşdiyini açıq şəkildə göstərir. Bu bölgədə də havanın temperaturunun artması səbəbindən buxarlanmanın artması müşahidə olunur. Bu artan buxarlanma Xəzər dənizindən su itkisinə səbəb olur. Bundan əlavə, uzunmüddətli quraqlıq təhlilləri nəzərə alındıqda, bu ərazi kənd təsərrüfatı üçün hidroloji quraqlıqların yaşandığı bir bölgədir. Torpağın nəmliyi sürətlə azalır.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Siyasətləri üzrə Tətbiq və Tədqiqat Mərkəzinin İdarə Heyətinin üzvü professor Murat Türkeş deyib.

“Bundan əlavə, xüsusən də, temperaturla bağlı gələcək ssenarilər dünyanın çox sürətlə istiləşdiyini və kənd təsərrüfatı, hidroloji və ekoloji quraqlıqların gələcəkdə daha böyük təsir göstərə biləcəyini göstərir. Başqa sözlə, 100 ilin sonuna qədər Xəzər hövzəsi daha isti və quru, istilik dalğalarından daha çox təsirlənən, torpaq nəmliyinin azaldığı bir bölgə ola bilər. Buna görə də dənizdə suyun səviyyəsinin azalması, ehtimal ki, həm bu gün müşahidə olunan dəyişikliklər, həm də Volqa hövzəsindəki quraqlıq və temperaturun artması, eləcə də oradakı insan fəaliyyəti ilə əlaqədardır. Düşünürəm ki, müşahidə olunan həmin dəyişikliklər gələcəkdə Xəzər hövzəsinin daha isti və quru olacağını, eyni zamanda, yağış yağacağı təqdirdə, həddindən artıq yağışa meyilli bir hövzə olacağını deməyə əsas verir”, - deyə M. Türkeş bildirib.

Seçilən
57
1
azertag.az

2Mənbələr