2026-cı ilin ilk günləri beynəlxalq münasibətlər sistemində gərginliyin daha da dərinləşdiyini göstərir. Qlobal güclər arasında hərbi-siyasi qarşıdurmaların yeni mərhələyə keçməsi, xüsusilə Ukrayna müharibəsi ətrafında baş verən proseslər Avropanın təhlükəsizlik gündəmini yenidən formalaşdırır. ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyat və ardınca Avropa liderlərinin Ukrayna ilə bağlı verdiyi qərarlar yaxın dövrdə qitədə risklərin artacağından xəbər verir.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, gözlənildiyi kimi 2026-cı il qlobal siyasət baxımından gərgin start götürüb:
“Bu gərginliyin tədricən daha da artacağı, hərbi-siyasi qarşıdurmanın sosial-iqtisadi sahələri də əhatə edəcəyi ehtimal olunur. ABŞ xüsusi təyinatlılarının Venesuela prezidenti və onun həyat yoldaşına qarşı həyata keçirdiyi əməliyyatdan dərhal sonra Avropanın iki aparıcı dövləti — Böyük Britaniya və Fransa liderlərinin Parisdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşərək bu ölkəyə qoşun növlərinin göndərilməsi, yeni hərbi bazaların yaradılması və silah anbarlarının inşasını nəzərdə tutan sənədlər imzalaması onu göstərir ki, Avropa ‘şərq cəbhəsində’ yeni hərbi addımlara hazırlaşır.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu təşəbbüsü ‘könüllülər koalisiyası’nın Rusiyaya qarşı növbəti addımı kimi dəyərləndirib və eyni zamanda bunun Qərbi Avropa ilə Rusiya arasında birbaşa müharibə riskini artırdığını vurğulayıb. Rusiya tərəfi də müharibənin ilk günlərindən etibarən Avropa ölkələrinin Ukraynaya hərbi kontingent göndərməsini faktiki olaraq müharibə elanı kimi qəbul edəcəyini dəfələrlə bəyan edib”.
Politoloq əlavə edib ki, Avropa liderlərinin bu addımları eyni zamanda müəyyən siyasi blef kimi də qiymətləndirilə bilər:
“Belə ki, Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Aristoviçin açıqlamasına görə, Fransa və Böyük Britaniyanın planlaşdırdığı hərbi dəstək cəmi 10–15 min hərbçini əhatə edir ki, bu da Rusiyanın hərbi potensialı qarşısında ciddi müqavimət formalaşdıra bilməz. Bu dəstəyin əsas məqsədi Ukraynada daxili siyasi vəziyyəti nəzarətdə saxlamaq və ehtimal olunan prezident seçkiləri ərəfəsində Zelenskiyə siyasi dəstək nümayiş etdirməkdir”.
“Bir sözlə, istənilən halda 2026-cı ilin Ukrayna cəbhəsi üçün həlledici il olacağı, tərəflərin daha açıq və daha aqressiv davranış sərgiləyəcəyi qaçılmaz görünür”, – deyə politoloq vurğulayıb.
//Gülnarə Abasova, Editor.az