Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Yanvarın 6-da yerli televiziyalara müsahibəsində də möhtərəm Prezidentin ifadə etdiyi kimi, 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində dönüş dövrü hesab oluna bilər. Lakin, 1992-ci ilin oktyabrında Cozef Bayden özü başda olmaqla, bir qrup senator, o cümlədən ABŞ Dövlət Departamentinin ayrı-ayrı rəsmiləri öz maraqlarını, daha doğrusu, erməni lobbisindən qaynaqlanan muzd maraqlarını rəhbər tutaraq qəbul etdiyi 907-ci düzəliş hazırda ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafında ciddi əngəl kimi çıxış etməkdədir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Bəhruz Məhərrəmov danışıb. Deputat qeyd edib ki, 907-ci düzəlişin maliyyə yardımı və yaxud hər hansısa yardım formasında mahiyyəti Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil: “Ermənistanın blokadada saxlanılmasında Azərbaycanı ittiham edən sənədin məzmunu özlüyündə ədalətsiz xarakter daşıyır”.
Bəhruz Məhərrəmov
“Məlumdur ki, Prezident İlham Əliyevin amerikalı həmkarı Donald Trampın dəvəti ilə ötən ilin avqustunda ABŞ-yə işgüzar səfəri çərçivəsində ölkələrimiz arasında bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında strateji tərəfdaşlığı hədəfləyən Anlaşma Memorandumu imzalanıb. Memorandumda nəzərdə tutulur ki, münasibətlərimizin yeni mərhələsi üçün normativ bazis rolunu oynayacaq Strateji Tərəfdaşlıq Xartiyası hazırlansın və tərəflərin razılaşmasına əsasən, bu proses Bakı və Vaşinqton arasında Strateji İşçi Qrupuna həvalə edilir. Yəni indiki məqamda yaradılan Strateji İşçi Qrupunun əsas hədəfi Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması olacaq. Bu da öz növbəsində Vaşinqton və Bakı arasında münasibətlərin, demək olar ki, bütün sferalarını əhatələyir və xüsusən Bayden administrasiyası dönəmində sıfırlanmış əlaqələrin yenidən canlandırılması və strateji səviyyəyə yüksəldilməsi üçün perspektivlər araşdırılacaq”-deyə Bəhruz Məhərrəmov qeyd edib.
Bəhruz Məhərrəmov bildirib ki, ABŞ Senatının sağlam mövqe nümayiş etdirərək 907-ci düzəlişin tam şəkildə ləğv edilməsinə qərar verəcəyini gözləyirik: “Hər kəs, o cümlədən ABŞ üçün aydındır ki, Azərbaycanla münasibətlərdə diktə dili ilə danışmağa hüquqi bazis yaradan heç bir sənədin perspektivi yoxdur. Təbii ki, 907-ci düzəlişin ləğvi Azərbaycan üçün xüsusi olaraq iqtisadi nəsə vəd etmir, amma bizim üçün əsas olan ABŞ-Azərbaycan münasibətlərinin sağlam, qərəzsiz əsaslarla qurulmasıdır”.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.