AZ

Falçılar “qaz vurub, qazan doldurur” – Ümidsizlik, yoxsa CAHİLLİK? / VİDEO

Son günlər sosial şəbəkələrdə yayılan videolarda falçılara, baxıcılara və ekstrasenslərə müraciət edənlərin uzun növbələrdə dayanması diqqəti çəkir. Bu yalnız sensasiya və əyləncə deyil, həm də cəmiyyətimizin psixoloji və mənəvi durumunun əyani göstəricisidir.

İnsanlar həyatın gətirdiyi qeyri-müəyyənliklər, qərarsızlıq, münasibətlərdəki çətinliklər, işsizlik və gələcəyə dair qorxularla üzləşdikdə tez-tez rasional çıxış yolunu deyil, mistik izahları axtarırlar. Falçılar bu boşluğu özlərinə çevirir, insanlara qısa müddətli ümid və cavab təqdim edirlər; insanlar isə onu real həll yolu kimi qəbul edirlər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Nailə İsmayılova bunun əsas səbəblərini sosial və psixoloji faktorlarla izah edir.

Onun fikrincə, insanların falçılara üz tutması yalnız inamsızlıq və ya savadsızlıqla bağlı deyil, həm də emosional ehtiyaclarla bağlıdır:

“İnsanlar həyatın çətin dövrlərində — ailə problemləri, iş və gələcək qeyri-müəyyənliyi ilə üzləşdikdə tez cavab və təskinlik axtarır. Falçılar və ekstrasenslər isə buna imkan verir. Sosial mediada yayılan videolar və reklamlar bu meyli gücləndirir və insanlar onları daha real görünən seçim kimi qəbul edir”.

Psixoloq Nərgiz Cəlilzadə isə saytımıza bildirib ki, bu cür müraciətlər insanların emosional vəziyyətinə birbaşa təsir göstərir:

“Stress altında olan və emosional olaraq həssas insanlar falçının dediklərini həqiqət kimi qəbul edir və bu onların qərarvermə qabiliyyətinə təsir edir. Uzun müddətdə belə davranış, stress və qorxu hisslərini daha da artıraraq psixoloji gərginlik yaradır. Hətta savadlı və yüksək təhsilli insanlar da həyatda çaşqın olduqları anlarda mistik çıxış yollarına üz tuturlar, çünki bu onlara qısa müddətli emosional rahatlıq verir”.

Məsələnin dini tərəfini NOCMMMENT.az-a şərh edən dinşünas ekspert Əli Seyidzadə isə bu meyli qətiyyətlə qınayır.

Onun sözlərinə görə, gələcək yalnız Allaha məxsusdur və onu bilmək iddiası haramdır:

“İnsanların falçılara inanması iman zəifliyinə səbəb olur və Allahın iradəsinə qarşı bir etibarsızlıq yaratmış olur. Dini baxımdan bu yalnız günah deyil, həm də insanın öz ağılı və qərar vermək qabiliyyətini zəiflədən bir davranışdır. İnsan həyatında çətinliklərlə qarşılaşdıqda Allaha sığınmalı, ağılla düşünməli və öz qərarlarına əsaslanmalıdır; heç bir falçı və ekstrasens gələcək barədə həqiqəti göstərə bilməz”.

“Bu tendensiya həm də cəmiyyətimizin sosial və mədəni qatları ilə bağlıdır. İnsanlar qədimdən gələn inancların və kollektiv yaddaşın təsiri ilə qeybi öyrənməyə maraq göstərirlər, sürətli həyat ritmi və stress onları mistik vasitələrə yönəldir”, – Ekspert deyib.

Tunar

Seçilən
76
nocomment.az

1Mənbələr