Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya ordusu Atlantik okeanında Rusiya bayrağı altında üzən “Marinera” tankerini ələ keçirməsinə cavab olaraq Amerika gəmilərini batırmağa başlamalı və Avropaya "Oreşnik" raketləri ilə zərbələr endirməlidir.
“AzPolitika” xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatları bu cür bəyanatlarla çıxış ediblər.
Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov Rusiya mediasına verdiyi açıqlamada iddia edib ki, ABŞ-nin “Marinera”-ya qarşı hərəkətləri “təmiz piratçılıqdır” və Rusiya ərazisinə müdaxiləyə bərabərdir: "Torpedalarla hücum edin, bir neçə Amerika sahil mühafizəsi qayığını batırın - düşünürəm ki, Venesueladakı xüsusi əməliyyatdan sonra bir növ cəzasızlıq eyforiyası yaşayan ABŞ-ni dayandırmağın yeganə yolu burnuna şillə vurmaqdır".
Dumanın digər deputatı, general Andrey Qurulyov deyib ki, "Marinera”-ya qarşı əməliyyat Qərbin böyük müharibəyə hazırlığının bir hissəsidir.
O, Rusiyanın "Oreşnik" də daxil olmaqla, lazım olan istənilən vasitə ilə "düşmənin logistikasını" məhv edərək qabaqlayıcı tədbirlər görməli olduğunu deyib: "Məsələn, Ukrayna üçün sursat istehsal edən “Rheinmetall” şirkətinə zərbə endirməyimizə nə mane olur? Heç nə. Bununla da sursat bitərdi. Bütün kanalları bağlamaq üçün siyasi iradəyə ehtiyacımız var".
Xatırladaq ki, Venesueladan yola düşən və dənizdə bayrağını Rusiya bayrağına dəyişdirən “Marinera” tankeri, Moskvanın gəminin təqibini dayandırmaq tələbinə baxmayaraq, Böyük Britaniya və İslandiya arasında ABŞ Sahil Mühafizəsi tərəfindən saxlanılıb.
ABŞ-nin Avropa Komandanlığının məlumatına görə, Murmanska gedən tanker ABŞ Federal Məhkəməsinin verdiyi orderə əsasən ABŞ sanksiyalarını pozduğuna görə saxlanılıb. “Reuters” agentliyinin məlumatına görə, Rusiya tankeri müşayiət etmək üçün sualtı qayıq və hərbi gəmilər göndərib. Lakin onlar tankerin ələ keçirilməsinin qarşısını ala bilməyiblər. Ağ Evin mətbuat katibi Kerolin Levit deyib ki, gəminin heyəti, o cümlədən Rusiya vətəndaşları məhkəmə qarşısına çıxarılacaq.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.