ABŞ Prezidenti Donald Tramp ABŞ-ın “milli maraqlarına zidd fəaliyyət göstərən” Birləşmiş Millətlər Təşkilatına daxil olmayan 35 qurum və BMT-nin 31 təşkilatından çıxmasını nəzərdə tutan sənədi imzalayıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev sözügedən təşkilatların adlarını açıqlamayıb. Bununla belə bildirilib ki, həmin qurumlar ABŞ-ın suverenliyini və iqtisadi gücünü zəiflədən ifrat iqlim siyasətlərini, qlobal idarəetmə yanaşmalarını və ideoloji proqramları dəstəkləyir.
Ağ Evin açıqlamasında vurğulanıb ki, bu qərar ABŞ-ın üzv olduğu və ya tərəf çıxdığı bütün hökumətlərarası təşkilatların, sazişlərin və müqavilələrin hərtərəfli şəkildə nəzərdən keçirilməsindən sonra qəbul edilib. Bildirilib ki, bu addımlar ABŞ vergiödəyicilərinin vəsaitlərinin ölkənin prioritetlərini qloballaşma gündəmlərindən üstün tutmayan və ya mühüm məsələləri kifayət qədər səmərəli və effektiv şəkildə həll etməyən qurumlara yönəldilməsinə son qoyacaq. Açıqlamada əlavə olunub ki, bununla ABŞ vergiödəyicilərinin vəsaitləri müvafiq missiyaların dəstəklənməsi üçün daha məqsədyönlü şəkildə istifadə oluna biləcək.
Ağ Ev əlavə detallar və çıxılması nəzərdə tutulan təşkilatların siyahısı ilə bağlı sorğulara hələlik cavab verməyib.
Qeyd edək ki, Donald Tramp ikinci prezidentlik müddətinə başlamasından bir il keçdikdən sonra BMT-yə ayrılan ABŞ maliyyəsinin azaldılması istiqamətində addımlar atıb, ölkəsinin BMT İnsan Hüquqları Şurasında iştirakını dayandırıb, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinə (UNRWA) ayrılan vəsaitlərin dayandırılması qərarını uzadıb və UNESCO-dan çıxıb. O, həmçinin Dünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxmaq planlarını da açıqlayıb.
"Cebheinfo.az"