Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Limanlara və enerjiyə zərbələr, Rusiyada neft infrastrukturu hədəfdə..."
Rusiya ordusu yanvarın 7-8-də Ukraynanın bir neçə bölgəsinə raket və kamikadze dronlarla genişmiqyaslı zərbələr endirib.
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
Cənub və sənaye regionları hədəfdə

Məlumatda deyilir ki, hücumlar əsasən ölkənin cənub və sənaye regionlarını, eləcə də kritik enerji və logistika obyektlərini hədəf alıb. Odessa vilayətində yerləşən "Çernomorsk" və "Pivdennıy" limanları atəşə tutulub. Zərbələr nəticəsində liman infrastrukturu, inzibati binalar, sənaye obyektləri və bitki yağı olan konteynerlər ciddi zədələnib. Hücum zamanı azı 2 nəfər həlak olub, 10-dan çox insan yaralanıb.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiya bu zərbələrlə qlobal ərzaq təhlükəsizliyində mühüm rol oynayan Qara dəniz limanlarının fəaliyyətini pozmağa, həmçinin Ukraynanın dəniz logistikasını iflic vəziyyətinə salmağa çalışır. Hadisə yerində fövqəladə xidmətlər işləyir, limanların fəaliyyəti isə təhlükəsizlik tələbləri nəzərə alınmaqla davam etdirilir.
Kriovoy Roq və enerji böhranı
Eyni vaxtda Rusiya dronları Dnepropetrovsk vilayətinin Kriovoy Roq şəhərinə də hücum edib. Şəhərin Müdafiə Şurasının məlumatına görə, hücum nəticəsində 8 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır və cərrahi müdaxilə olunur.
Bununla yanaşı, Dnepropetrovsk və Zaporojye vilayətlərində enerji obyektlərinə endirilən zərbələr səbəbindən bölgələr demək olar ki, tam şəkildə işıqsız qalıb. Xəstəxanalar və kritik infrastrukturlar generatorlarla təmin edilib, bəzi ərazilərdə su təchizatında fasilələr yaranıb. Rəsmilər mobil rabitə və hava həyəcanı sistemlərində də müvəqqəti problemlər ola biləcəyi barədə xəbərdarlıq ediblər.
HHM və Ukraynanın cavab zərbəsi

Ukrayna HHM qüvvələri gecə ərzində Rusiyanın buraxdığı 97 drondan 70-ni vurub və ya radioelektron mübarizə vasitələri ilə sıradan çıxarıb. Bununla belə, bir sıra obyektlərə düşən zərbələr və dağıntılar qeydə alınıb. Buna cavab olaraq Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Belqorod vilayətində yerləşən "Oskolneftesnab" neft bazasına zərbə endirib.
Ukrayna Baş Qərargahının məlumatına görə, bu obyekt Rusiya ordusunun yanacaqla təminatında mühüm rol oynayırdı və zərbə nəticəsində ərazidə genişmiqyaslı yanğın baş verib. Bundan əlavə, Donetsk vilayətinin müvəqqəti işğal altında olan hissəsində Rusiya ordusuna məxsus hərbi-logistik anbarın da məhv edildiyi bildirilir.
Ümumilikdə, son hadisələr müharibənin yalnız cəbhə xətti ilə məhdudlaşmadığını, tərəflərin dərin arxa bölgələrdə yerləşən enerji, logistika və sənaye infrastrukturlarını sistemli şəkildə hədəfə almağa başladığını göstərir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.