AZ

2026 sülh ili olacaq? - Azər Badamov

Yazını böyüt
Yazını kiçilt

Bu il Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyü ehtimalı kifayət qədər yüksəkdir. İstər Vaşinqton razılaşmaları, istərsə də tərəflər arasında yaradılmağa çalışılan etimad mühiti, həmçinin İrəvandan daxil olan müsbət siqnallar da bu ehtimalları artırır.

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Azər Badamovdur.

- Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində diqqətçəkən ən mühüm məqamlar və verilən mesajlar nə ilə bağlı oldu?

- Prezident İlham Əliyev müsahibədə ölkəmizin daxili və xarici, sosial-iqtisadi, müdafiə və hərbi, humanitar və s. sahələr üzrə aparılan siyasətin əsas istiqamətləri ətrafına geniş fikirlər ifadə etdi. Azərbaycan dünyada nüfuzu artan, uğurlu beynəlxalq siyasət aparan etibarlı tərəfdaşdır. Bu baxımdan ölkəmizlə əməkdaşlıq və tərəfdaşlıq etmək istəyən ölkələrin siyahısının hər il genişlənməsi dünyada artan nüfuzumuzun göstəricisidir. Azərbaycan yerləşdiyi coğrafiyadan çox səmərəli istifadə edərək Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərini ərsəyə gətirmişdir. Ölkəmizin ərazisindən keçən Orta dəhlizə qlobal maraq hər keçən gün artmaqdadır.  Zəngəzur dəhlizinin açılması Orta dəhlizin daşınma gücünü 15 milyon tondan çox artıracaq. Məhz Vaşinqtonda Zəngəzur dəhlizinin açılmasının TRİPP layihəsi adı altında təsdiq olunması regionumuza daha böyük perspektivlər vəd edir.

- Azərbaycanın regionda yaratdığı yeni reallıqlar bölgəmizdəki geosiyasi proseslərə necə istiqamət verir?

- Cənubi Qafqaz regionunda yeni reallığı Azərbaycan yaradıb. Bu reallığın yaradılması üçün ölkəmizin güclü olması vacib idi. Məhz öz gücümüzə arxayın olaraq torpaqlarımızda 30 illik işğala son qoyuldu, separatçılığın yuvası dağıdıldı. İndi isə biz ancaq əməkdaşlıqdan və sülhdən danışırıq. Düzdür, dünyada cərəyan edən proseslər beynəlxalq hüquqdan kənardır. Biz də beynəlxalq hüququn  kobud pozulması ilə uzun illər qarşılaşmışdıq. Biz güclü olduğumuza görə öz hüququmuzu da müdafiə etməyə qadir olduq. Məhz ona görə bu gün də dövlət büdcəsindən müdafiə xərclərinə böyük maliyyələr ayrılır. Dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək üçün hərbi gücümüzü həmişə artırmalıyıq. Azərbaycan regionun təhlükəsizliyinin təminatçısıdır.

- Ermənistan–Azərbaycan arasında neft məhsulları üzərindən qurulan yeni əlaqələr sülh sazişinin imzalanmasını, yaxud Zəngəzur dəhlizinin açılması ilə bağlı erməni əngəllərini aradan qaldıra biləcəkmi və nəhayət sülh sazişi nə vaxt imzalanacaq?

- Neft məhsullarının Ermənistana ixracı bizim sülh gündəliyinə sadiqliyimizin təzahürüdür. Gələcəkdə Ermənistan qazımızı da ala biləcək. Bunun üçün yekun sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanla münasibətlərin normallaşması Ermənistana inkişaf etmək üçün yeni imkanlar açır. Sülh sazişinin imzalanması bu ilin ikinci yarısına təsadüf oluna bilər.  Bunun üçün ilk növbədə Ermənistanda seçkilər başa çatmalı və konstitusiyasını dəyişməlidir. Yəni konstitusiyadan Azərbaycana qarşı olan ərazi iddiaları çıxmalıdır. Məhz ondan sonra yekun sülh müqaviləsi bağlanacaq və iki ölkə arasında diplomatik münasibətlərin formalaşdırılmasına başlanacaq.

- Azərbaycan Ermənistana neft məhsulları verir, yolları açır. Ermənistan bunun əvəzində nə edir?

- Azərbaycan razılaşdırılmış sülh gündəliyini çox yüksək dəyərləndirir. Bu gündəlik Vaşinqtonda təsdiq olunub. Ölkəmizin hərəkətləri də sülhün institutlaşmasına, daha da dərinləşməsinə xidmət edir. Bu baxımdan, Ermənistana gedən tranzit yüklərə məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarımızın satılması mövcud sülh gündəliyinin möhkəmləndirlməsinə əsaslanmışdır.  Azərbaycanın neft məhsullarının alıcıları çoxdur. Biz Ermənistana da satmaqla iki ölkə arasında münasibətlərinin normallaşdırılmasına töhfə vermiş oluruq. Ermənistan uzun illərdən sonra Azərbaycandan münasibətlərin normallaşdırlması istiqamətində atılan praktik addımları görür. Ermənistan hələ ki, ancaq boş açıqlamalar verməklə kifayətlənir. Biz Ermənistandan da praktik addımların atılmasını gözləyirik. Düzdür, Ermənistanın seçki ərəfəsində olduğunu da başa düşürük. Ermənistan bu gün davam edən söz yığını açıqlamalarını seçkidən sonra da davam edərsə, sülhün gələcəyi sual altına düşə bilər. 

- Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələr yenidən etirazlara səbəb oldu...

- Azərbaycan Avropa Parlamentinin üzvü olmadığı üçün bu təşkilat qarşısında heç bir öhdəliyi də yoxdur. Onların ölkəmizə qarşı qəbul etdikləri qətnamələr də bizim üçün əhəmiyyətsiz kağız parçasıdır. Milli Məclis bizə qarşı qəbul olunmuş ədalətsiz hər bir kağız parçasını da cavabsız qoymur. Bu baxımdan, Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi son qətnaməsinə cavabımız çox ciddi olmuşdur. Qoy onlar da bizim bəyanatları oxusunlar və özlərinin iyrənc hərəkətlərini anlasınlar. Düzdür, Avropa Parlamentində ölkəmizi sevən və məsələyə ədalətlə yanaşan kifayət qədər deputat var. Özlərinin müstəqil fikri olmayan və sifarişlərin quluna çevrilmiş avropalı deputatlara cavabımız çox qətidir.

- Regionla bağlı cərəyan edən geosiyasi, geoiqtisadi  proseslərə diqqət yetirsək, mövcud vəziyyət necədir? Bir tərəfdə Rusiyanın ölkəmizə münasibəti, digər yanda Avropa İttifaqının erməni sevgisi, İranın “Zəngəzur dəhlizi” neqativi...

- Regionda cərəyan edən geosiyasi və geoiqtisadi vəziyyət gərgindir. Qonşu dövlətlərə diqqət yetirsək, əksəriyyətində ictimai-siyasi gündəliyin qaynadığını görürük. Cənubda - İranda, şərqdə - Ermənistanda, şimalda - Rusiyada, qərbdə - Gürcüstanda vəziyyət müəyyən qədər sakitləşsə də, bütün qonşularımızın ictimai-siyasi mühiti sabit deyil. Azərbaycan isə bu gərgin regionda sabitlik adasıdır. Ölkəmiz, həm də bu sabitliyi regional kommunikasiyalar vasitəsilə qonşu ölkələrə də transfer etməyə çalışır. Bu baxımdan, Zəngəzur dəhlizi bəzi qonşularımız tərəfindən neqativ qarşılansa da, heç bir qonşumuzun milli maraqlarına qarşı deyil. Əksinə, qonşularımız üçün əməkdaşlıqda yeni imkanlar yaradır.  Bu baxımdan, Zəngəzur dəhlizinin açılması realdır və bu, regionumuza təhlükəsizlik və inkişaf gətirəcəkdir.

Tahirə Qafarlı

Seçilən
58
hafta.az

1Mənbələr