"Ramiz Mehdiyevlə heç vaxt yolumuz kəsişməyib. Mən onu nəinki yaxından, heç uzaqdan da görməmişəm. Sizin kimi mən də Ramiz Mehdiyevi ancaq televiziyada görmüşəm".Metbuat.az-ın məlumatına görə, bu sözləri TV Musavat-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Siyasətçi son günlər ona qarşı aparılan kampaniyanın arxasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dayandığına dair ehtimalları şərh edib: "Buna inanmıram. Mənə qarşı kampaniyanın arxasında ölkədə milli birliyin və həmrəyliyin olmasını istəməyən qüvvələr dayanır. Rəhbəri olduğum Milli Cəbhə Partiyası mövcud hakimiyyətə qarşı konstruktiv mövqedə dayanır. Hakimiyyətin nöqsanlarını dediyimiz kimi müsbət işlərini də dilə gətiririk, təqdir edirik. Bu isə bəzi qüvvələri qıcıqlandırır". Deputat konkret ünvan göstərməkdən çəkinməyib: "Mənə qarşı kampaniyanı cəbhəçilər, müsavatçılar aparır. REAL Partiyasının üzvləri də bu fəaliyyətlə məşğuldurlar. Başqa qüvvələr də bu işdə iştirak edirlər. Amma biz haqq yolundayıq. Qarayaxmalar, təhdidlər bizi yolumuzdan döndərə bilməz". Nazim Hüseynzadə / Metbuat.az