AZ

Həkim, müəllim çatışmır, amma 65 yaş qadağası var… – Özəldə olar, dövlətdə yox?..

Son dövrlər dövlət müəssisələrində daha çox gənclərin işə cəlb olunması və yaşlıların məsuliyyətli işlərdən uzaqlaşdırılması narazılıqla qarşılanır.

Bildirilir ki, bu amil əslində işin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Gənc mütəxəssislər yüksək təhsil alsa da, hətta müxtəlif xarici universitetlərin diplomlarını əldə etsələr də, təcrübəsiz olduqlarından idarəetmədə axsamalara yol verirlər. Xüsusən, 65 yaşı tamam olan müəllim, həkimlər avtomatik işdən çıxarılır. Halbuki Avropada həkimləri 70 yaşına qədər saxlayırlar. Bu cür hallar isə onlar tərəfindən birmənalı qarşılanmır. Aşağı pensiya alan həkim, müəllim və bu təbəqədən olan digər peşə sahibləri daha gec pensiyaya çıxmaqda israr edirlər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan keçmiş deputat Rüfət Quliyev bildirib ki, fiziki baxımdan ağır işlə məşğul olan qadınlar adətən daha tez pensiyaya çıxmaq istəyirlər:

“Əvəzində, intellektual fəaliyyətlə, məsələn, həkim, müəllim, tibb bacısı kimi peşələrlə məşğul olanlar isə əksər hallarda pensiyaya çıxdıqdan sonra da işləməyə davam etmək istəyirlər. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Ona görə də bu, individual məsələdir və hər kəsin düşüncəsi fərqlidir. Həkim 65 yaşından sonra harada işləsin? Həkim 320-400 manat pensiya alır. Bununla necə yaşasın? Ona görə də pensiyaya çıxan müəllim və tibb işçilərinin ehtiyac olan bölgələrdə işlə təmin olunması məqsədəuyğundur. Əgər həmin şəxs işində peşəkardırsa, fəaliyyətini davam etdirə bilər və kimsə də buna mane ola bilməz”.

“65 yaşla bağlı rayonlarda çox ciddi problemlər yaşanır. Misal üçün, müəllim 65 yaşına çatıb, direktor işdən çıxarmağa məcburdur, amma yerinə təyin etməyə müəllim olmur. Elə rayonlarda səhiyyədə də vəziyyət belədir. Özəl təhsil müəssisəsində 100 yaşında müəllim dərs deyə bilər, amma dövlət müəssisəsində yox. Özəl klinikada yüz yaşında həkim işləyər, amma sığorta ilə maliyyələşən dövlət müəssisəsində yox. Burada məntiq yoxdur”, – deyə ekspert vurğulayıb.

Seçilən
81
nocomment.az

1Mənbələr