Həqiqətən çox maraqlıdır. Yanvarın 8-də Parisdə Almaniyanın, Fransanın və Polşanın xarici işlər nazirləri məşhur "Veymar üçlüyü" çərçivəsində görüşüblər. Əsas mövzu Trampın Qrenlandiya adasının ələ keçirilməsi üzrə son bəyanat və tələblərinin dəyərləndirilməsi yönümündə olub.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Burada Fransa XİN-in Amerikanın heç xoşuna gəlməyəcək bir hadisəni eyhamla xatırlatması öz yerində maraqlıdır. Fransa XİN Barro sərt eyham vurub ki, "indi Luiziananın alınıb-satıldığı dövrlər deyil. Barro 1756-1763-cü illərdə olmuş 7 illik müharibə nəticəsində bu gün ABŞ-ın ştatlarından birinə çevrilmiş Luiziananın Fransadan alınaraq ABŞ-a verilməsi hadisəsinə eyham vurur və Trampa mesaj verir ki, "Qrenlandiyanı da bu sayaq bizdən qopara bilməzsən".
Veymar üçlüyünün Paris toplantısında ən maraqlı fakt Hindistanın Xarici işlər naziri Subramanyam Cayşankarın da iştirakıdır. Hindistan hara, Avropanın ən qatı anti-Rusiya bloku sayılan "Veymar üçlüyü" hara?! Veymar üçlüyü 1991-ci ildə SSRİ dağılanda Almaniya, Fransa və Polşa tərəfindən Almaniyanın Veymar şəhərində təsis edilib. Rusiyanın Ukraynaya təcavüzündən sonra anti-Rusiya müstəvisində daha da fəallaşıb və hazırda Rusiya əleyhinə ən barışmaz siyasəti ilə seçilir...
Belə də Hindistan bu qurumun işinə niyə qatılıb?!... Araşdırmağa və düşünməyə dəyər...”
Tahir TAĞIYEV