Bu qurumların 31-i BMT strukturlarıdır və Vaşinqton onların ABŞ maraqlarına xidmət etmədiyini bildirir...
Poliqon xəbər verir ki, Ağ Evin yaydığı açıqlamaya əsasən, ABŞ prezidenti Donald Tramp ölkənin 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan rəsmi memorandum imzalayıb. Bildirilib ki, sözügedən təşkilatların 31-i Birləşmiş Millətlər Təşkilatının müxtəlif strukturlarıdır, lakin memorandumda konkret siyahı açıqlanmayıb. Administrasiya bu qurumların artıq ABŞ-nin milli maraqlarına cavab vermədiyini bəyan edib.
Ağ Evin məlumatına görə, bu qərar ABŞ-nin üzv olduğu və ya maliyyələşdirdiyi bütün beynəlxalq təşkilatlar, konvensiyalar və sazişlər üzrə aparılmış genişmiqyaslı yoxlamadan sonra qəbul edilib. Yoxlama zamanı bir sıra beynəlxalq strukturların “radikal iqlim siyasəti”, “qlobal idarəetmə mexanizmləri” və “ideoloji proqramlar” təşviq etdiyi qənaətinə gəlinib. Vaşinqtonun mövqeyinə görə, bu cür fəaliyyətlər ABŞ-ın suverenliyinə, iqtisadi gücünə və milli maraqlarına ziddir.
Qeyd olunur ki, Donald Tramp administrasiyası xüsusilə ABŞ-ın daxili siyasətinə və müstəqil qərarvermə imkanlarına təsir göstərdiyi düşünülən beynəlxalq institutlara qarşı daha sərt xətt yürütmək niyyətindədir. Ağ Ev bu addımı ölkənin xarici siyasətinin yenidən formalaşdırılması və prioritetlərin milli maraqlar əsasında müəyyən edilməsi kimi qiymətləndirir.
Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST), Paris İqlim Sazişindən və BMT-nin İnsan Hüquqları Şurasından çıxması ilə bağlı sərəncamlar imzalayıb. Bundan əlavə, o, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA/BAPOR) maliyyələşdirilməsini dayandırıb.
Bununla yanaşı, Donald Tramp bəyan edib ki, ABŞ 31 dekabr 2026-cı il tarixinədək BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (YUNESKO) da rəsmi şəkildə çıxacaq. Analitiklər hesab edirlər ki, bu addımlar ABŞ-ın beynəlxalq təşkilatlarla münasibətlərində köklü dəyişikliklərin davam edəcəyindən xəbər verir.
Poliqon.info