AZ

"Bu əlamətlər varsa, 48 saat ərzində həkimə müraciət edin" - XƏBƏRDARLIQ

Son günlər ölkədə influenza virusunun yayılmasında artım müşahidə edilir. Yüksək hərarət və ağır simptomlarla xəstəxanalara müraciət edənlərin sayının artması narahatlıq doğurur. Mütəxəssislər vaxtında müdaxilənin vacibliyini ön plana çəkirlər. 

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən pediatr Gülnar Abdullayeva virusun gedişi və riskləri barədə məlumat verərək bildirib ki, influenza virusunun iki əsas ştammı mövcuddur – A və B.

"Bu virus hər il əsasən dekabrın 20-dən martın 20-dək insanlar arasında geniş yayılır və ağır gedişli infeksiya hesab olunur. Xəstəlik xüsusilə uşaqlarda kəskin baş ağrısı, yüksək qızdırma (39–40, hətta 40,5 dərəcəyədək qalxan və çətinliklə düşən), qusma, halsızlıq, boğaz ağrısı ilə müşayiət olunur. Bəzi hallarda sinədə göynəmə və ağrı şikayətləri də müşahidə edilir".

Pediatr qeyd edib ki, ilk simptomlar ortaya çıxdıqdan sonra çox gözləmək olmaz:

"İlk 48 saat, ən gec 2 sutka ərzində həkimə müraciət etmək vacibdir. Xüsusi testlər vasitəsilə diaqnoz təsdiqləndikdən sonra müvafiq müalicə təyin olunur. Erkən və düzgün müdaxilə edildiyi halda qulaq iltihabı, pnevmoniya (ağciyərlərin iltihabı) kimi ağırlaşmaların qarşısı alınır. Profilaktik məqsədlə hər il sentyabr ayının sonlarında qrip peyvəndinin vurulması tövsiyə olunur. Qrip peyvəndi influenza virusuna yoluxma riskini və xəstəliyin ağır fəsadlarını əhəmiyyətli dərəcədə azaldır",- deyə həkim əlavə edib.

Seyranə QuliyevaMisisya.Az

Seçilən
45
missiya.az

1Mənbələr