Bakı, 8 yanvar, AZƏRTAC
2025-ci il Azərbaycan–ABŞ münasibətlərində ciddi dönüş nöqtəsi oldu. Bu dönüş Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra beynəlxalq münasibətlər sisteminə ünvanlanan mühüm mesajlarla birbaşa bağlıdır. Həmin mesajlar, ilk növbədə, beynəlxalq hüququn möhkəmləndirilməsi, dövlətlərin suverenliyinə hörmət, beynəlxalq mübahisələrin dinc yolla həlli və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi kimi əsas prinsipləri əhatə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri, hüquq elmləri doktoru, professor Əmir Əliyev söyləyib.
Onun sözlərinə görə, bu yanaşmanın konkret nəticələrindən biri də uzun illər davam etmiş Ermənistan–Azərbaycan münaqişəsinin dinc müstəvidə həllinə yönəlmiş təşəbbüsdür. Sülhə dair saziş layihəsinin ABŞ-da paraflanması rəsmi Vaşinqtonun bu prosesə nə dərəcədə ciddi yanaşdığını açıq şəkildə nümayiş etdirir.
Ə.Əliyev vurğulayıb ki, Vaşinqton prosesi ABŞ-ın Azərbaycana münasibətində yeni mərhələnin başlandığını göstərir. Artıq iki ölkə arasında münasibətlər yeni formada davam edir. Bu kontekstdə Azərbaycan üçün yeni imkanlar açılıb. Xüsusilə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması bu əməkdaşlığın institusional əsaslar üzərində inkişaf etdiyini göstərir və artıq bu istiqamətdə ciddi işlərə başlanılıb.
“Zəngəzur dəhlizinin açılması məsələsi də xüsusi əhəmiyyət daşıyır. Bu dəhlizin açılması və ABŞ-ın burada tutduğu mövqe, həmçinin təhlükəsizlik və təminat mexanizmlərində iştirakı regional sabitlik baxımından mühüm amildir. ABŞ-ın təcrübəsi göstərir ki, rəsmi Vaşinqton yalnız etibar etdiyi və siyasətini dəstəklədiyi dövlətlərlə bu cür strateji layihələrdə fəal iştirak edir. ABŞ-ın Zəngəzur dəhlizi kimi mühüm bir layihədə aparıcı tərəf kimi çıxış etməsi Azərbaycan–ABŞ və eyni zamanda ABŞ–Ermənistan münasibətlərinə yeni nəfəs gətirir və tərəfləri mübahisələri dinc yolla həll etməyə təşviq edir. Bu kontekstdə 907-ci düzəliş məsələsinə də toxunmaq vacibdir. Sözügedən düzəlişin qəbul edilməsi Azərbaycana qarşı açıq-aşkar ədalətsizlik idi və əsasən erməni lobbisinin təsiri nəticəsində baş vermişdi. Həmin dövrdə Azərbaycanın torpaqları işğal altında idi, Xocalı soyqırımı törədilmişdi və faktiki olaraq blokadaya məruz qalan tərəf məhz Azərbaycan idi. Buna baxmayaraq, 907-ci düzəliş qəbul edilmişdi”, - deyə Professor qeyd edib.
Ə.Əliyev sonda əlavə edib ki, bu düzəliş artıq simvolik xarakter daşıyan, faktiki olaraq “ölü norma”ya çevrilmiş bir sənəddir və onun tarixdən silinməsinin vaxtı çatıb. 907-ci düzəlişin tam ləğvi beynəlxalq hüquqa hörmətin göstəricisi olmaqla yanaşı, Azərbaycan–ABŞ münasibətlərinin gələcəkdə tam şəkildə inkişafı üçün də ciddi stimul yarada bilər.