AZ

Türk dünyasının təhlükəsizlik oxu: Bakı-Ankara xətti güclənir MÜSAHİBƏ

Bakı, 7 yanvar, Aytac Haqverdiyeva, AZƏRTAC

Mövcud beynəlxalq münasibətlər sistemində artan gərginliklər, silahlı münaqişələr və humanitar böhranlar beynəlxalq hüququn və qlobal institutların təsir imkanlarının zəiflədiyini nümayiş etdirir. Belə bir şəraitdə dövlətlərin öz milli təhlükəsizliklərini etibarlı müttəfiqliklər və praktik hərbi imkanlar üzərində qurması zərurətə çevrilib. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin xüsusi əhəmiyyətini önə çəkməsi isə iki qardaş ölkə arasında formalaşmış strateji müttəfiqliyin real məzmununu bir daha açıq şəkildə göstərib. Bu əməkdaşlıq yalnız siyasi iradənin ifadəsi deyil, eyni zamanda, regional və qlobal çağırışlara qarşı ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasıdır. Azərbaycan və Türkiyə arasında mütəmadi keçirilən hərbi təlimlər də məhz bu reallıqlar fonunda həm hərbi sahədə qarşılıqlı uyğunlaşmanı gücləndirir, həm də bölgədə güclü çəkindirmə mesajı verir.

AZƏRTAC “Kıbrıs Raporu” Xəbər Agentliyinin Baş redaktoru, Şimali kiprli siyasi şərhçi Mert Özdeşin Azərbaycan ilə Türkiyə arasında birgə keçirilən hərbi təlimlərin əhəmiyyəti, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində hərbi əməkdaşlıq elementi, Qars–Naxçıvan dəmir yolunun inşasının perspektivləri ilə bağlı müsahibəsini təqdim edir.

- Mert bəy, Prezident İlham Əliyev Azərbaycanın yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə Türkiyə arasında birgə keçirilən hərbi təlimlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. Müntəzəm keçirilən hərbi təlimlərin hər iki ölkə üçün əsas mahiyyəti və verdiyi mesaj nədən ibarətdir?

- Son dövrlər dünyanın bəzi bölgələrində baş verən humanitar və hüquqi faciələr də daxil olmaqla bir çox nümunə mövcud qlobal mexanizmlərin və beynəlxalq hüququn funksiyasını nə dərəcədə itirdiyini açıq şəkildə göstərir. Beynəlxalq hüququn ədaləti təmin etməkdən daha çox böyük güclərin maraqlarını legitimləşdirən bir alətə çevrildiyi bu “realpolitika” mühitində dövlətlər öz təhlükəsizliyini möhkəmləndirməyə məcburdurlar. Azərbaycan və Türkiyə arasında mütəmadi keçirilən hərbi təlimlər isə məhz bu konyunkturada həm döyüş meydanında çəkindirmə yaratmaq, həm də danışıqlar masasında diplomatik üstünlük əldə etmək strategiyasına xidmət edir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik ruhu qazanan bu hərbi sinerji iki ölkə arasında tarixi və mədəni bağların formalaşdırdığı “bir millət” konsepsiyasının artıq döyüş meydanında əməliyyat qabiliyyətinə malik “ortaq ordu” vizyonuna çevrildiyini göstərir. Hərbi potensialla dəstəklənməyən diplomatiya nəticəsiz qalmağa məhkumdur. Bu baxımdan sözügedən təlimlər rəsmi Bakı və Ankaranın bölgədə sabitliyin oyunqurucu aktorları olduqlarını və öz həll modellərini həm döyüş meydanında, həm də masa arxasında diktə etmək iradəsinə malik olduqlarını təsdiqləyir.

Azərbaycan ilə Türkiyə müdafiə doktrinalarını birləşdirib və hər hansı təhlükə qarşısında vahid bədən kimi hərəkət etmək qabiliyyətinə sahibdir. Bu isə Cənubi Qafqazın mübahisəsiz lider aktoru olan Azərbaycanın regional çəkindirmə gücünü möhkəmləndirən ən mühüm amillərdən biridir.

- TDT çərçivəsində hərbi əməkdaşlıq elementi barədə nə demək istərdiniz? Prezident İlham Əliyev bu mövzu ilə bağlı son Zirvə toplantısında bir təklif irəli sürmüşdü.

- Azərbaycanın TDT daxilində artan çəkisi və xüsusilə sədrliyi təşkilatın xarakterini dəyişdirən katalizator rolunu oynayır. Düşünürəm ki, Prezident İlham Əliyevin baxışında TDT artıq yalnız dil və tarix birliyinin müzakirə olunduğu platforma deyil, praqmatik, regional təhlükəsizlik və iqtisadi inteqrasiya blokudur. Belə ki, hazırda müşahidə olunan qlobal qeyri-müəyyənlik şəraitində türk dövlətlərinin öz təhlükəsizlik çətirini formalaşdırması seçim deyil, geosiyasi zərurətdir. Bu səbəbdən hərbi əməkdaşlıq və müdafiə sənayesi inteqrasiyası təşkilatın gələcəyində ən dinamik sütunlardan biri olacaq. Prezident İlham Əliyevin hərbi əməkdaşlıq və müdafiə sənayesi inteqrasiyasına verdiyi önəm də məhz bu ehtiyaca işarə edir. TDT-nin təhlükəsizlik perspektivinin dərinləşdirilməsi yalnız üzv ölkələrin ərazi bütövlüyünün qorunmasına deyil, eyni zamanda, Avrasiyanın mərkəzində xarici müdaxilələrə qapalı, öz hüququnu öz gücü ilə qoruyan yeni bir güc mərkəzinin formalaşmasına xidmət edəcək.

- Qars–Naxçıvan dəmir yolunun inşasının perspektivləri nələrdir? Naxçıvanı Türkiyəyə bağlaya biləcək dəmir yolları niyə vacibdir?

- Qars–Naxçıvan xətti və onun davamı olan Zəngəzur bağlantısı Türk dünyasının inteqrasiyası baxımından son dərəcə həyati əhəmiyyət daşıyır. Bu dəmir yolu Türkiyənin Naxçıvan vasitəsilə birbaşa Azərbaycana və Xəzər dənizinin o tayına fasiləsiz quru bağlantısı əldə etməsi deməkdir. Lakin məsələnin qlobal ölçüsü daha da kritikdir. Ukrayna-Rusiya müharibəsi və Qırmızı dənizdəki böhranlar Şimal və Cənub dəhlizlərini riskli hala gətirdiyi bir vaxtda, bölgəmizdən keçən Orta Dəhliz Pekindən Londona qədər uzanan ticarətin yeganə təhlükəsiz marşrutuna çevrilib. “Tramp marşrutu” adlandırılan bu xətt Naxçıvan və Zəngəzur üzərindən fəaliyyət göstərdikdə Türkiyə və Azərbaycan qlobal ticarətin əsas açar ölkələri mövqeyinə yüksəlir. Beləliklə, bu dəmir yolları iki ölkə arasındakı logistika maneələrini aradan qaldıraraq fiziki inteqrasiyanı təmin etməklə yanaşı, Azərbaycanın Şərq-Qərb ticarətinin əvəzolunmaz mərkəzinə çevrilməsinə də şərait yaradır.

Seçilən
81
azertag.az

1Mənbələr