ABŞ Prezidenti Donald Trampın Baş Qərargah rəisinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib ki, Qrenlandiya ABŞ-yə məxsus olmalıdır. Danimarkanın Baş naziri Mette Frederiksen isə xəbərdarlıq edərək deyib ki, ABŞ-nin Qrenlandiyaya hər hansı hərbi müdaxiləsi NATO-nun sonu olacaq.
Bəs ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsi reallaşa bilərmi?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi ekspert Abutalib Səmədov qeyd edib ki, ABŞ-nin Qrenlandiyanı ələ keçirmək üçün hərbi müdaxilədən istifadə etmək ehtimalı çox aşağıdır:
“Tramp elan edib ki, bu ada ABŞ-yə təhlükəsizliyi təmin etmək üçün vacibdir. Çünki bir tərəfdən Arktika yaxınlığındadır. Burada ruslar və çinlilər aktiv şəkildə işləyirlər. Digər tərəfdən adanın yaxınlığından mühüm dəniz yolları keçir. Burada da Rus və Çin gəmiləri həddindən artıq çoxdur. Bu səbəbdən ABŞ adada daha çox imkanlar əldə etmək istəyir. Məlumdur ki, ABŞ-nin hərbi bazası var. Bazanı maliyyə yardımı qarşılığında daha gücləndirmək ehtimalı mövcuddur ki, müdafiə məsələləri ABŞ-nin öhdəsinə buraxılsın”.
A.Səmədov vurğulayıb ki, ABŞ üçün əsas hədəf, məqsəd hərbi müdaxilədən daha çox siyasi və diplomatik vasitələrdən istifadə edib adada təsirini artırmaqdır: “Bir NATO dövlətinin digər NATO dövlətinə hücumu həqiqətən də dünyada yaxşı qarşılanmaya bilər. Onsuzda Tramp NATO-nu çökdürmək üçün əlindən gələni edir, üstəlik Qrenlandiya əhalisinin etirazı da ABŞ adminstrasiyasını ciddi şəkildə narahat edir. Məlumdur ki Qrenlandiya hakimiyyəti muxtariyyət hüququna malikdir və Danimarka hakimiyyəti ilə münasibəti elə də “isti” deyil. ABŞ bundan da faydalanmaq və Danimarkanın ada üzərində hakimiyyətini bir az daha zəiflətmək və daha çox maliyyə yardımlarından istifadə etmək istəyir. Hərbi müdaxilə nəzərdə tutulmur. Belə bir şey olsa da, bu, son vasitə kimi istifadə edilə bilər. Hələlik başqa yollar, ən əsası siyasi diplomatik vasitələr, maliyyə şirnikləndirmələri və adada mövcud olan ABŞ hərbi bazasının daha da gücləndirmək istəyi var. ABŞ buna üstünlük verir”.
Qeyd: Qrenlandiya Danimarka krallığına daxil olan muxtar ərazidir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib. Danimarka tərəfi isə bu iddiaları rədd edib.
Şəhanə Quliyeva