“İmprotex” Şirkətlər Qrupuna daxil olan “İmprotex Industries”in dövlətə olan 2,2 milyon manat borcunu ödəməsi, illərdir Azərbaycanın biznes sektorunda mövcud olan şirkətin fəaliyyəti ilə bağlı bir sıra məsələləri gündəmə gətirib.
Dövlətə borcunu illərdir ödəməyən şirkətin maliyyə vəziyyəti doğrudan da dövlət qarşısında öhdəliklərini icra edə bilməyəcək qədər ağır idi?
Əvvəla qeyd edək ki, 1991-ci ildə yaradılan “İmprotex” Şirkətlər Qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “Improtex Motors” və “Imagro”, “Improtex Travel Tours & Conferences” kimi törəmə şirkətlər daxildir. Düzdür, qrup yeni yaradılanda bu profil daha geniş idi. Lakin illər ərzində bəzi törəmə şirkətlər sıradan çıxdılar. Bazarda qalanlar isə dövlətin ən iri layihələrinin icrasında ön sırada yer alır. Bunun üçün təkcə son 5 ildə keçirilən tenderlərə və bağlanan müqavilələrə nəzər yetirmək kifayətdir.
“İmprotex Trucks & Buses”
2005-ci ildə fəaliyyətə başlayan şirkət "MAN" markalı yük avtomobilləri və avtobuslarının Azərbaycanda rəsmi distribütorudur. Amma “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslə imzaladığı müqavilələrdən belə aydın olur ki, şirkət istehsalat nəqliyyat vasitələrinin yağ-sürtgü materiallarının dəyişdirilməsi, təmiri və ehtiyat hissələrinin xidmətinin satın alınması kimi xidmətləri icra edir. Dövlət qurumu bu məqsədlə 2025-2026-cı illər üzrə “Improtex Trucks and Buses” ilə 133.135,6 manat dəyərində müqavilə imzalayıb.