AZ

Azərbaycanın gələcək inkişaf modeli



Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə Azərbaycanın daxili siyasi həyatında keyfiyyətcə yeni mərhələnin — mənəvi dirçəliş və geniş quruculuq dövrünün ideoloji manifesti kimi çıxış edir. Dövlət başçısı bu çıxışla həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə açıq şəkildə bəyan etdi ki, əldə olunan hərbi nailiyyətlərin qorunması və dövlətin qüdrətinin möhkəmləndirilməsi üçün cəmiyyət daxilən daha pak, daha bilikli və daha intizamlı olmalıdır. Müsahibə vətəndaşın sosial rifahından başlayaraq dövlət idarəçiliyinin təmizliyinə qədər uzanan geniş və ardıcıl strateji xətti ehtiva edir. Bu mənəvi-siyasi yüksəlişin möhkəm əsasını isə hər şeydən əvvəl ana dilimizin — Azərbaycan dilinin tam və mütləq suverenliyi təşkil edir.

Cənab Prezident dil məsələsini dar qrammatik çərçivədən çıxararaq onu dövlətin mövcudluq şərti, milli təhlükəsizliyin dayağı kimi təqdim etdi. Onun vurğuladığı kimi, məhz dil milləti millətə çevirən əsas amildir. Azərbaycan dilinin zəngin ifadə imkanları, melodik ahəngi və estetik gözəlliyi xüsusi qeyd olunmaqla yanaşı, yad sözlərin dili zənginləşdirmədiyi, əksinə, milli kimliyə zərbə vurduğu açıq şəkildə ifadə edildi. Xarici kəlmələrin tədricən dilə sirayət etməsinin əvvəlcə kimliyi, daha sonra isə dövlətçiliyi zəiflədə biləcəyi barədə səslənən xəbərdarlıq sadəcə bir tövsiyə deyil, dünyada yaşayan on milyonlarla azərbaycanlının mənəvi mərkəzi olan Bakının milli özünüdərkə sahib çıxmaq iradəsidir.

Daxili idarəetmə sahəsində kadr siyasətinə münasibət də müsahibədə bütün səmimiyyəti və qətiyyəti ilə ortaya qoyuldu. Dövlət başçısı məmurlar üçün “toxunulmazlıq” anlayışının artıq keçmişdə qaldığını, əsas ölçünün isə ictimai nəzarət və şəxsi məsuliyyət olduğunu bildirdi. Uzun illərin təcrübəsinə əsaslanaraq qeyd edildi ki, etimadı doğrultmayan, qanundan kənara çıxan şəxslər mütləq şəkildə hüquqi və inzibati cavabdehlik daşıyırlar. Xüsusilə gənc kadrlar arasında müşahidə edilən mənfi hallara toxunulması onu göstərdi ki, dövlət idarəçiliyində əsas meyar təkcə diplom və vəzifə deyil, ailədə, məktəbdə və cəmiyyətdə formalaşan tərbiyə, vicdan və ləyaqətdir.

Azərbaycanın gələcək inkişafı eyni zamanda intellektual potensialın gücü ilə ölçülür. Neft gəlirlərinin insan kapitalına çevrilməsi strategiyasını yeni mərhələyə daşıyan cənab Prezident vurğuladı ki, müasir dünyada ölkələrin real qüdrəti təbii sərvətlərlə deyil, bilik, elm və zəka ilə müəyyən olunur. Bu baxışın mühüm istiqamətlərindən biri Azərbaycanın regional süni intellekt və informasiya texnologiyaları mərkəzinə çevrilməsi hədəfidir. Ölkənin malik olduğu əlavə enerji ehtiyatlarının məlumat mərkəzlərinin yaradılması üçün geniş imkanlar açdığı bildirilərək, bu sahədə Azərbaycanın nadir üstünlüyə sahib olduğu qeyd olundu. Texnoloji inkişaf kursu paytaxtın nəqliyyat infrastrukturunun yenilənməsi, yeni metro xətlərinin inşası, müasir su və kommunal şəbəkələrin qurulması kimi konkret layihələrlə hər bir vətəndaşın gündəlik həyatına birbaşa təsir göstərir.

Sosial siyasətdə isə dövlətin prioriteti dəyişməz olaraq qalır: diqqət mərkəzində Azərbaycan vətəndaşı və onun layiqli yaşayış şəraiti dayanır. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət artıq adi sosial yardım deyil, milli ləyaqətin və vətəndaşlıq borcunun ifadəsi kimi təqdim olunur. Minlərlə şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin edilməsi bu sahədə Azərbaycanın dünyada bənzəri olmayan bir yanaşma formalaşdırdığını nümayiş etdirir.

Müsahibənin sonunda torpaq və vətən mövzusunda səslənən fikirlər isə bütöv bir xalqın ruhuna toxunan zirvə məqamı kimi yadda qalır. Bu gün torpaq artıq sağalmayan bir yara deyil; o, üzərində azad Azərbaycan dilində danışılan, geniş quruculuq işləri aparılan, müasir texnologiyaların tətbiq edildiyi müqəddəs yurddur. Cənab Prezident İlham Əliyev bu çıxışla bir daha təsdiqlədi ki, XXI əsrin Azərbaycanı texnoloji baxımdan müasir, idarəetmədə şəffaf və məsuliyyətli, mənəviyyat baxımından isə möhkəm və sarsılmaz olmalıdır. Bu yanaşma xalqın birliyinə və güclü dövlətçilik iradəsinə söykənən daxili inkişaf yolunun aydın və qəti xəritəsidir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Seçilən
17
aia.az

1Mənbələr