AZ

Trampın keçmiş müşaviri: Rusiya ABŞ-yə Ukraynanı Venesuela ilə dəyişməyi təklif edib...

Fiona Hill Konqresdəki dinləmələrdə Moskvanın qeyri-rəsmi, lakin açıq mesaj verdiyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın sabiq müşaviri, Rusiya və Avropa məsələləri üzrə ekspert Fiona Hill 2019-cu ildə Konqresdə keçirilən dinləmələr zamanı Rusiyanın ABŞ-yə məxfi xarakterli siyasi təklif irəli sürdüyünü açıqlayıb. Onun sözlərinə görə, Rusiya rəsmiləri Vaşinqtona Venesuelada öz maraqlarını sərbəst şəkildə həyata keçirməyə imkan verə biləcəklərini, əvəzində isə ABŞ-nin Moskvanın Ukraynada eyni cür davranmasına göz yummasını istədiklərini bildiriblər. Bu barədə The Kyiv Independent nəşri yazır.

Fiona Hill qeyd edib ki, bu təkliflər rəsmi danışıqlar formatında səsləndirilməsə də, Kremlin ötürdüyü mesaj kifayət qədər aydın olub. Rus tərəfi ABŞ-ın Qərb yarımkürəsində təsir dairəsini əsaslandıran Monro doktrinasına işarə edərək, Ukraynanı Rusiyanın “arxa həyəti” kimi təqdim etməyə çalışıb. Hillin sözlərinə görə, Moskvanın məntiqi belə olub: “Sizin Monro doktrinanız var, bizdən sizin ‘arxa həyətinizdən’ çıxmağımızı istəyirsiniz. Bizim də bunun öz versiyamız var və siz Ukraynada bizim ‘arxa həyətimizdəsiniz’”.

Keçmiş müşavir bildirib ki, ABŞ administrasiyası bu yanaşmanı qəbuledilməz hesab edib və məhz bu səbəbdən o, Rusiyaya göndərilərək Moskvanın bu qeyri-rəsmi təklifini qəti şəkildə rədd etdiyini qarşı tərəfə çatdırıb. Hill vurğulayıb ki, belə bir “təsir zonalarının bölüşdürülməsi” yanaşması beynəlxalq hüquqa və suveren dövlətlərin müstəqilliyi prinsipinə ziddir.

Qeyd edək ki, Fiona Hillin açıqlamaları ABŞ və Rusiya arasında münasibətlərin pərdəarxası tərəflərini və Ukraynanın geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, bu cür təkliflər Kremlin postsovet məkanını öz təsir dairəsi kimi saxlamaq niyyətinin açıq göstəricisidir.

Poliqon.info

Seçilən
61
poliqon.info

1Mənbələr