AZ

"Uşağı qorxutmaq tərbiyə üsulu ola bilməz" - Psixoloqdan XƏBƏRDARLIQ

Uşağı qorxutmaqla tərbiyə etmək cəmiyyətdə hələ də geniş yayılmış, lakin ciddi fəsadlara yol aça bilən yanaşmalardan biridir. Bir çox valideynlər bu üsulu intizam yaratmaq üçün çıxış yolu hesab etsə də, mütəxəssislər bunun uşağın psixoloji inkişafına mənfi təsir göstərdiyini vurğulayırlar. 

Mövzu ilə bağlı Missiya.Az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, uşaq davamlı qorxu ilə böyüdülürsə özünə inamı zəifləyir:

"Uşaq fikir və davranışlarını başqalarının reaksiyalarına uyğun tənzimləyir. Qorxu uşaqda yalan danışmağı inkişaf etdirir. Uşaq görür ki, yalan artıq onu cəzadan xilas edir. Uşağın səhv etməsinə anlayış göstərilməlidir. Əks halda uşağın yaradıcı təfəkkürü inkişaf etməyəcək və qərarvermə bacarığı məhdudlaşacaq. Uşaq qorxuya qarşı ya aqressiv, ya da itaətkar böyüyür. Hər iki halda şəxsiyyətin formalaşması pozulur",-deyə Psixoloq qeyd edib.

R.Nəcəfovun sözlərinə görə, uşağı qorxutmaq tərbiyə üsulu ola bilməz:

"Hansısa fikir və davranışa qadağa qoymaq üçün izah olmalıdır. Uşağı qorxutmaq müxtəlif psixi narahatlıqlar yarada bilər. Uşaqlarla dialoq qurulmalıdır. Qorxu ilə tərbiyə olunan uşaqlar gələcəkdə sosial narahatlıq, aqressiya, depressiya, utancaqlıq kimi psixi problemlərlə üzləşirlər. Fobiyanın yaranmasının başlanğıc nöqtəsi qorxudur. Hansısa qorxu yaradacaq fikir və davranış müşahidə edilərsə, psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir. Uşaqlarla empatiya qurulmalıdır. Bütün yaşlarda uşağa şəxsiyyət kimi yanaşılmalıdır",- deyə Rövşə Nəcəfov əlavə edib.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr