AZ

Azərbaycan-Ermənistan münasibətləri ölkə iqtisadiyyatına necə təsir göstərəcək? - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistan arasında yollar açılacaq, Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək.

 

Bu addımların Azərbaycan iqtisadiyyatına hansı təsirləri olacaq?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, Azərbaycan-Ermənistan arasında kommunikasiyanın açılması hər iki tərəf üçün səmərəlidir:

 

“Ermənistan üçün isə daha əhəmiyyətlidir. Çünki Ermənistan Gürcüstan və İranla sərhəd əlaqələrində məhdudlaşır. Ona görə də Ermənistanın həm sərhəd əlaqələri genişlənir, həm də Ermənistan Xəzər dənizinə çıxış əldə edir. Əsas amillərdən biri budur. Eyni zamanda Türkiyə vasitəsilə Avropaya, Azərbaycan da Ermənistan bazarına çıxış əldə edir, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana, Avropaya və digər ölkələrə yük axını çoxalır. Zəngəzur dəhlizi açılacaq və Azərbaycan bu dəhliz vasitəsilə həm Naxçıvana, həm də Türkiyə və Avropaya qısa çıxış əldə edəcək. Orta dəhliz layihəsi üzrə yük axını artır. İndiyə qədər Gürcüstan vasitəsilə gedən yol daha uzun idi. Zəngəzur dəhlizindən sonra bu yol qısalır və daha səmərəli olacaq. Orta dəhliz layihəsi yük daşımalarının səmərəliliyini artırır və yük həcminin artmasına şərait yaradır. Azərbaycan bu marşrutdan tranzit dividentləri əldə edir. Paralel olaraq, Ermənistan üzərindən digər iqtisadi əlaqələr də geoiqtisadi baxımdan daha səmərəli formaya düşür və ölkəyə əhəmiyyətli iqtisadi fayda təmin edir. Azərbaycanın kifayət qədər məhsulu olacaq ki Ermənistan bazarında, Ermənistanın da yetəri qədər məhsulu olacaq ki Azərbaycan bazarında satılsın”.

 

A.Nəsirli bildirib ki, bütün bu əlaqələr mərhələlərlə inkişaf edəcək: “Dərhal etimadın möhkəmlənməsi mümkün olmayacaq. Çünki bu iki xalq bir-biri ilə düşmən olub. İlkin vaxtda ehtiyyatlı olmaq vacibdir. Bu nəzərdə də tutulur. Amma bir neçə ildən sonra qarşılıqlı etimad yaranacaq və hətta ərzaq məhsullarının da ixrac prosesinin şahidi olacağıq”.

 

Şəhanə Quliyeva

Tarix: 8 Yanvar 2026, 10:51   
Seçilən
30
pravda.az

1Mənbələr