AZ

Rubio Danimarkaya gedir, Tramp Qrenlandiyadan əl çəkmir – KİV

ABŞ dövlət katibi Marko Rubio gələn həftə Danimarka rəhbərliyi ilə görüşəcəyini açıqlayıb. Lakin o, prezident Donald Trampın Qrenlandiya ilə bağlı planlarından imtina ediləcəyinə dair heç bir işarə verməyib. Reuters yazır ki, bu vəziyyət fonunda Fransa və Almaniya kimi narahat müttəfiqlər mümkün cavab addımları üzərində düşünürlər.

Məlumatda xatırladılır ki, ABŞ-ın Venesuela liderinin ələ keçirilməsi ilə nəticələnən hərbi əməliyyatı Vaşinqtonun Qrenlandiya ilə bağlı niyyətləri ətrafında narahatlıqları artırıb. ABŞ rəsmiləri isə bu narahatlıqları açıq şəkildə aradan qaldırmayıblar.

Rubio jurnalistlərə bildirib ki, Donald Tramp məqsədinə çatmaq üçün hərbi variantı da gündəmdə saxlayır. Bununla belə, dövlət katibi vurğulayıb ki, hazırkı mərhələdə diplomatik yollar üstün tutulur.

“Diplomat kimi deyə bilərəm ki, biz məsələləri hər zaman müxtəlif üsullarla, o cümlədən Venesuela məsələsində olduğu kimi, diplomatik yollarla həll etməyə üstünlük veririk”, – deyə Rubio ABŞ-ın Qrenlandiyanı güc yolu ilə ələ keçirməsinin NATO daxilində gərginliyə səbəb olub-olmayacağı ilə bağlı suala cavab verərkən bildirib.

Bu planlar ABŞ Konqresində də ciddi narazılıq doğurub. Demokrat və respublikaçı senatorlar bildiriblər ki, Senat Trampın Qrenlandiyanı ələ keçirmə imkanlarını məhdudlaşdıran qanun layihəsini səsverməyə çıxara bilər.

Ağ Evdən isə bildirilib ki, Tramp Avropanın etirazlarına baxmayaraq, Qrenlandiyanın satın alınması variantlarını, o cümlədən ABŞ silahlı qüvvələrindən istifadə ehtimalını müzakirə edir.

Administrasiyanın digər nümayəndələri yanaşmaların müxtəlif ola biləcəyini desələr də, Reuters-in iki mənbəyə istinadən yazdığına görə, Marko Rubio qapalı brifinq zamanı əsas məqsədin Qrenlandiyanın əldə edilməsi olduğunu açıq şəkildə bildirib.

Daha əvvəl The Guardian yazmışdı ki, ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsi NATO-nu daxildən sarsıda və bundan Rusiya faydalana bilər. Nəşrin fikrincə, NATO-nun digər 31 üzvündən hər hansı birinin Qrenlandiyanı hərbi yolla müdafiə etməsi ehtimalı son dərəcə aşağıdır. Həmçinin Danimarkanın ABŞ-a qarşı durmaq üçün kifayət qədər resurs və hərbi gücə malik olmadığı vurğulanır.

Bu fonda Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen Trampın ərazi iddialarına cavab verib. O bildirib ki, ABŞ prezidenti “sadəcə istədiyi üçün” başqa bir ərazini ələ keçirə bilməz.

“ABŞ prezidentinin Qrenlandiya ilə bağlı açıqlamalarını yenidən sərtləşdirdiyi bir şəraitdə NATO üzrə müttəfiqlərimizin dəstəyi bizim üçün son dərəcə vacib və aydındır”, – deyə Qrenlandiya hökumət başçısı vurğulayıb.

Seçilən
23
veteninfo.az

1Mənbələr