Müasir dövrdə fəlsəfənin mövqeyi, statusu haqqında fikirlər, yanaşmalar rəngarəng olsa da, tarixi insanın özünü və dünyanı dərk etməyə cəhd etməsindən başlayan bu müdriklik elmi əsərlərin sınaqlarından uğurla çıxmışdır. Müharibələr, aclıq, yoxsulluq, ekoloji problemlər, narkomaniya, terrorizm, milli-etnik münaqişələr, intiharların artması, pandemiya problemi və s. dövrümüzün reallıqlarıdır.
Dünyanın güclü dövlətləri, onların birlikləri inkişaf etməkdə olan ölkələrdə vətənpərvərliyin, milli-mənəvi dəyərlərin, milli özünüdərkin, milli mentalitetin qorunub saxlanılması və inkişaf etdirilməsini qloballaşma üçün özlərinin həmin ölkələrdə iqtisadi, siyasi və digər maraqları üçün təhlükə hesab edirlər. Bu mərkəzlərə mükəmməl dünyagörüşə malik, milli-mənəvi dəyərlərinə sadiq vətənpərvər insanlar yox, müəyyən qədər “artıq” məvacib müqabilində istənilən əmri yerinə yetirməyə hazır olan “kosmopolit”lər lazımdır.
İnsan təfəkkürü bu problemlərin ciddi təzyiqinə məruz qalmış, onun emosional-psixoloji durumu gərginləşmişdir ki, bu da maddi nemətlər istehsalının əsasını təşkil edən praktiki fəaliyyətə öz təsirini göstərməyə bilməz.
İstər təbiətdə, istərsə də cəmiyyətdə mövcud olan problemlərin optimal həlli fəlsəfi təfəkkürə, müdriklik nuruna möhtacdır. Müdriklik isə Sokratın təbirincə desək, mühakimə yürütməyin, seçmə qabiliyyətinin və fəaliyyət göstərməyin düzgün prinsiplərinə, son nəticədə xeyirxah olmağa nail olmaqdır. Xeyirxah insan isə adətən səbirli, qeyrətli və ədalətli olur. Beləliklə, sağlam məntiq fəlsəfənin rolunun azaldığını deyil, artdığını irəli sürür.
Hələ 1946-cı ildə BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının (UNESCO) ilk konfransının yaratdığı komissiya tərəfindən hazırlanmış təkliflərdə göstərilirdi ki, insan şəxsiyyətinə hörmət, sülhə məhəbbət, dar, məhdud millətçiliyə və zorakılığa əsaslanan idarəetməyə nifrət, mədəniyyət ideallarına sədaqət və həmrəylik formalaşması üçün ictimai şüurda bir sıra fəlsəfi və etik kateqoriyaların qərarlaşması zəruridir. Bu konteksdə fəlsəfəyə insanların birlik və həmrəylik məktəbi kimi baxılır.
Predmeti təbiət, cəmiyyət və təfəkkürün ən ümumi qanunauyğunluqları, şüur, idrak, milli-mənəvi dəyərlər, humanizm, azərbaycançılıq, vətənpərvərlik kimi mühüm məsələlər olan fəlsəfə müasir dövrdə öz aktuallığını daha da artırmışdır. Fəlsəfi təfəkkür insanlarda analitik düşüncə, tənqidi mühakimə, mənəvi dayanıqlılıq, tolerantlıq və ümumbəşəri dəyərlərə hörmət kimi keyfiyyətlərin formalaşmasında həlledici rol oynayır.
Ulu öndər Heydər Əliyev böyüməkdə olan gənc nəslin milli-mənəvi dəyələr ruhunda mükəmməl fəlsəfi dünyagörüşə malik olmasını daim diqqətdə saxlamış, təkrar-təkrar bu mühüm məsələnin üzərində dayanmışdır: “Bu gün biz gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bununla biz nəinki cəmiyyətimizi qoruyacaq, həm də gələcək nəsli sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz, xalqımız üçün zərərli halların kök salmasının qarşısını alacağıq”.
Prezident İlham Əliyev də həmişə dünyagörüşü məsələsinə, milli-mənəvi dəyərlər mövzusuna böyük önəm vermişdir. 2019-cu il noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə vurğulamışdı: “Biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər”. Qeyd olunan problemlərin həll edilməsi də gənclərimizə fəlsəfi biliklərin tədrisinin zəruriliyi məntiqini irəli sürür.
Təsadüfi deyil ki, BMT kimi nüfuzlu təşkilat hər il noyabr ayının 18-də ümumdünya Fəlsəfə gününün keçirilməsi barədə qərar qəbul etmişdir. UNESCO isə fəlsəfə üzrə strategiya qəbul etmişdir ki, o da aşağıdakı bölmələrdən ibarətdir: fəlsəfə beynəlxalq problemlər qarşısında; fəlsəfə tədrisdə; fəlsəfi təfəkkürün inkişafına və fəlsəfi tədqiqatlara kömək. Bu sənəddə bu bölmələrin hər birinin konkret məqsəd və vəzifələri göstərilmiş, istiqamətlər müəyyənləşdirilmişdir.
Fəlsəfənin tədrisi sahəsində qarşıda duran vəzifələrə isə strategiyada aşağıdakılar daxil edilmişdir:
– hökumətlərlə siyasi səviyyədə iş aparmaq lazımdır ki, onlar fəlsəfənin tədrisinə və fəlsəfi tədqiqatlara yardımçı olsunlar;
– dünyada fəlsəfənin öyrənilməsi zərurəti müdafiə olunsun;
– UNESCO-nun üzvü olan ölkələrin fəlsəfənin öyrənilməsi üzrə proqramlarının həyata keçməsi üçün müvafiq sənədlər hazırlansın;
– fəlsəfənin tədrisi və dünyada öyrənilməsinə dair tədqiqatlar dəstəklənsin.
Təhsil haqqında “Azərbaycan Respublikasının Qanunu”nda təhsilin əsas məqsədi adlanan 4-cü maddədə nəzərdə tutulan 3 məqsədin ikisində nəzərdə tutulan məsələlər bilavasitə fəlsəfənin predmetinə daxildir:
– Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
– milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabətqabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq.
Fəlsəfə “ədalət”, “azadlıq”, “xeyirxahlıq”, “yaxşılıq və pislik”, “həqiqət” və s. kimi cəmiyyət üçün xüsusi əhəmiyyətə malik anlayışları müstəqil şəkildə dərk etmək və təhlil etmək qabiliyyəti formalaşdırır. Fəlsəfə dünyada baş verənlərə tənqidi yanaşmaq, ümumbəşəri dəyər və prinsipləri milli ideya və milli kimlik kontekstindən qiymətləndirə bilmək bacarığı aşılamaqla özünü həm də milli özünüdərk məktəbi kimi təqdim edir.
Fəlsəfə dünyagörüşü olmaqla insanlarda dəyərlər kompleksi formalaşdırır ki, bu dəyərlər də baş verən hadisə və prosesləri qiymətləndirməkdə, müxtəlif situasiyalarda düzgün mövqe seçməkdə həlledici amil olur. Ona görə də ictimai şüurda fəlsəfi şüurun rolu məqsədyönlü şəkildə yüksəldilməlidir ki, insanlar destruktiv qüvvələrin çaşdırıcı ideya və çağırışlarına qarşı müqavimətli olsunlar.
Ali Baş Komandanımız İlham Əliyevin Sərkərdəliyi ilə Müzəffər ordumuz düşmən üzərində tam qələbə çalıb torpaqlarımızı işğaldan azad etsə də, “revanşist qüvvələrin hədə-qorxuları qalmaqdadır. Ətrafımızda və dünyada inkişafımızı gözü götürməyən qüvvələrin mövcudluğunu və onların məkrli planlarını da nəzərə alsaq, milli-mənəvi dəyərlərimizə sadiq, vətənsevər gənclərin yetişdirilməsi təhsil qanununda öz əksini tapdığı kimi təhsil strategiyamızın prioritet sahəsidir. Qeyd edilən vəzifələrin yerinə yetirilməsində isə fəlsəfə önəmli rol oynayır.
Ümumiyyətlə, insanlıq üçün təhlükə törədən hadisə və proseslərin, kütləvi qırğın vasitələrinin yaranma səbəblərini, hər şeydən əvvəl, bəşəriyyətin son dövrlərdə humanizmi, kamilləşməni, mənəvi dəyərləri “kənara” qoyaraq gücə, texnoloji uğurlara “mənəm-mənəmliyə” aludə olmasında axtarmaq lazımdır. Güc, elmi nailiyyətlər, süni intellekt humanizmə, mərhəmətə, şəfqətə söykənmirsə, təhlükə mənbəyidir. Sanki müasir insan “yaranmışların əşrəfi” olmasını, dünyanın bütün nailiyyətlərinin əsas hədəfinin onun “xoşbəxtliyi” olduğunu unutmuşdur.
Son əsrlərə qədər “kamil insan”ın nəzarətdə saxlamağı bacardığı nəfs artıq ağılı “küncə sıxışdırmış” meydanı ələ keçirmişdir. Vəziyyətdən çıxış yolu yenə də fəlsəfi biliklərdədir. Elmin xeyrə, işığa, insanlığa xidmət etməsi üçün onun daşıyıcılarının təfəkkürünə humanizm, müdriklik nuru hopdurulmalıdır.
Qeyd olunanlardan çıxış edərək bildiririk ki, hazırda ali məktəblərdə fəlsəfənin tədrisinə münasibət qaneedici deyildir. Saatları azaldılaraq “seçmə fənlər” sırasına daxil edilmişdir. Ölkəmizin qoşulduğu “Boloniya prosesi”ndən, tez-tez dəyişdirilən “təhsil standartları”ndan fəlsəfəyə qarşı istifadə edən bəzi kosmopolit “təhsil biliciləri”nin qarşısının alınması üçün dövlət səviyyəsində fəlsəfəyə diqqət və qayğı göstərilməsinə ciddi ehtiyac yaranmışdır. Bu ehtiyac həm də onunla şərtlənir ki, “təhsil standartları”nın müəyyənləşdirilməsi zamanı yaradılan komissiyalara nəinki fəlsəfə üzrə, heç humanitar sahə üzrə də bir nəfər də olsun alim daxil edilmir?
Fəlsəfə qarşısında duran vəzifələr həddən artıq çox olduğu üçün, elmi-fəlsəfi ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür. Bütün digər ictimai-siyasi elmlərin inkişafı da istər-istəməz fəlsəfi fikrin real vəziyyəti, ictimai şüurda fəlsəfənin yeri və bütün cəmiyyətin fəlsəfəyə münasibəti ilə bağlıdır.
Yapon mütəfəkkiri İzutsu bildirir ki, “Qəti qənaətim budur ki, bu fəlsəfə (Şərq fəlsəfəsi – K.B.) növündə olan yaradıcı gücə yenidən həyat verməyimizin vaxtı gəlib”. Görkəmli filosof Cəmaləddin Əfqaninin fəlsəfəyə verdiyi yüksək dəyər də günümüzlə səsləşir: “Bir millətdə fəlsəfə yoxdursa, əgər o millətin hamısı alim olsa da, o millətdə elmlər inkişaf tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə çıxarmaqda çətinlik çəkər”.
Milli birlik, ümumbəşəri həmrəylik də hər şeydən əvvəli fəlsəfi təfəkkür səviyyəsində, dayanıqlı ideya əsasında əldə oluna bilər. AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov fəlsəfi təfəkkür tərzinin formalaşdırılmasına yüksək önəm verərək yazır: “Fəlsəfi düşüncə tərzinin, ideya-mənəvi yaşantı vərdişlərinin bütün insanlara aşılanması çox önəmlidir. Hər bir insan özünü maddi dünyadan ayırmağı, cari hadisələrin fövqünə qalxmağı, həyata böyük ideallar mövqeyindən baxmağı öyrənməlidir. Fəlsəfi düşüncə tərzi fərdi-mənəvi inkişaf üçün, insanın kamilləşdirilməsi üçün nə dərəcədə lazımdırsa, fəlsəfi biliklər sistemi, elmi-fəlsəfi tədqiqatlar da cəmiyyət üçün, dövlət quruculuğu üçün, ictimai-siyasi və sosial-mədəni təşkilatlanma üçün bir o qədər vacibdir”.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində tarixi çıxışı zamanı strateji hədəflər sırasında Türk dünyası birliyinin daha sarsılmaz olması üçün bu məkanın fəlsəfəsinin öyrənilməsinin zəruriliyi mesajını verdi. O, Türk dünyasının çoxsaylı dahilərindən söz açaraq dedi: “Dünyada bu qədər zəngin və yüksək mədəni dəyərləri olan millətlərin sayı çox azdır. Biz bu dəyərlərimizi həm yeni nəsillərimizə, həm də bütün dünyaya izah etməliyik. ... burada saydığım və saya bilmədiyim bütün şəxslər mədəniyyətimizin sütunları olduğu kimi, dünya mədəniyyətinin də dəyərləridir. İnsanlıq onların əsərlərindəki hikmətlərin sirrinə vaqif olduqca dünyamızdakı məsələləri həll etmək asanlaşacaqdır”.
Bəzi “təhsil ekspertləri”miz belə bir fikirlə çıxış edirlər ki, Avropanın bir çox ölkələrinin ali məktəblərində Fəlsəfə tədris olunmur. Bu səbəbdən də ali məktəblərdə fəlsəfə seçmə fənlər qrupuna daxil edilmiş, saatları 90 saatdan 30 saata endirilmişdir.
Ancaq araşdırmalarımın nəticəsi kimi bildirirəm ki, Avropada orta məktəblərin yuxarı siniflərində fəlsəfə əsaslı şəkildə (əsasən də milli fəlsəfə) öyrədilir. İnkişafına görə dünya ölkələrini üstələyən Çində isə fəlsəfə bütün ali məktəblərdə nüfuz sahibidir. Postsovet məkanı ölkələrində də fəlsəfənin nüfuzuna elə bir xələl gətirilməmişdir. Həm postsovet məkanı ölkələrində, həm də Türk dövlətlərində keçirilən beynəlxalq konfransların iştirakçısı kimi bildirirəm ki, Özbəkistanda, Türkmənistanda, Tatarıstanda, Tacikistanda və digərlərində fəlsəfə zəruri fənlər sırasında və 90-45 saat həcmində tədris olunur.
Bu yaxınlarda ezamiyyədə olduğum Qazaxıstanın Milli Tədqiqat Texniki Universitetində fəlsəfə zəruri fənlər qrupunda 45 saat həcmində tədris olunur. İstanbul Yıldız Texniki Universitetinin doktoranturasında “Elmin fəlsəfi problemləri” fənni tədris olunur. Türk Dövlətləri Təşkilatının yaranması türk xalqlarının ortaq dəyərlərə əsaslanan fəlsəfəsinin yazılması tələbini irəli sürmüşdür.
Nəhayət, fəlsəfə, təkcə nəzəri biliklərlə məhdudlaşmır, həm də cəmiyyətin müxtəlif sahələrində mövcud olan problemlərin praktik həll variantlarını təqdim edir, mövcud və yaranmaqda olan anlayışların məzmununu təyin edir. Müasir dünyada qarşılaşılan problemlərin kompleks həllində və insanların həyatlarını daha mənalı və firavan yaşamasında da fəlsəfənin rolu əvəzolunmazdır.
Fəlsəfəyə münasibətin dəyişilməsi, onun layiq olduğu səviyyəyə yüksəldilməsi, ali məktəblərdə saatları artırılmaqla seçmə fənlər blokundan çıxarılaraq zəruri fənlər qrupuna daxil edilməsi həm zamanın, həm də milli inkişaf strategiyamızın zəruri tələbidir.
Əyyub KƏRİMOV,
fəlsəfə elmləri doktoru, professor