AZ

Şahdağdan güc alan Vətən sevgisi

Məmmədağa Sərdarov – 85

Qocaman alim Məmmədağa Sərdarovun “Doğma kəndim Gədəzeyxur” adlandırdığı yeni kitabı ilk cümləsindən oxucunu özünə bağlayır. Əzəmətli Şahdağımızın ətəyində yerləşən, ləzgicə “cavanların yeni kəndi” anlamına gəlsə də, 800 illik tarixi olan bu ata yurdunu hər dəfə ziyarət edəndə 85 yaşlı bu Vətən oğlu özündə yeni bir nəfəs, yeni bir enerji hiss edir.

Dəyərli tədqiqatçı həmkarımız Məmmədağa Sərdarov ölkəmizin füsunkar təbiəti və mərd insanları ilə könül oxşayan Qusar rayonunun Gədəzeyxur kəndində 1941-ci il yanvar ayının 1-də dünyaya göz açmışdır. Həmin dövrün uşaqları aclıq, ehtiyac kimi ağır sınaqlardan keçərək yetkinləşirdilər, bərkiyirdilər. Məmmədağa da belə çətin şəraitdə özü-özünə yol açmalı olmuşdu.

Gənc Məmmədağa 1957-ci ildə Qusar şəhər 1 saylı orta məktəbini, 1963-cü ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirdi. Əmək fəaliyyətinə hələ tələbə ikən fəhləliklə başlayan Məmmədağa ali məktəbdən sonra İsmayıllıda və Bakının Qaradağ rayonunda müəllim işlədi, komsomol işinə irəli çəkildi, bu qurumun yerli və mərkəzi orqanında rəhbər vəzifələrdə çalışdı. Əmək fəaliyyətini uzun müddət Respublika Xalq Nəzarəti Komitəsində inspektor və baş inspektor vəzifələrində davam etdirdi. O, 1991-ci ildə ölkəmiz istiqlalına qovuşandan sonra əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş mütəxəssis, 1993-cü ildən isə 6 il Respublika Nazirlər Kabinetinin Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə şöbəsində böyük referent vəzifəsində çalışdı.

Məmmədağa Sərdarov 1999-cu ildən elmi fəaliyyətlə məşğuldur. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müasir dövrdə Azərbaycanda miqrasiya prosesləri: siyasi aspekt” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent oldu. 80 yaşı tamam olanda öz ərizəsi ilə Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi vəzifəsindən getsə də, doğma institutla daim əlaqədədir. O, 5 kitabın, 70-dən artıq elmi məqalənin müəllifidir.

Ümummilli lider Heydər Əliyevin siyasi irsini araşdıran alimin “Mahir siyasətçi, müdrik rəhbər” kitabındakı məqalələr və xatirələr xüsusilə maraq doğurur. Bir neçə bədii və publisist kitabın müəllifi olan Məmmədağa müəllim Azərbaycan Yazıçılar Birliyinin və respublika Jurnalistlər Birliyinin üzvüdür. Bədii yaradıcılığında Məmmədağa Sərdar imzası ilə çıxış edən həmkarımızın mətbuatda 200-ə yaxın məqalə, oçerk və felyetonu dərc olunmuşdur. O, yaradıcılığa şeirlə başlamış, tədricən nəşrlə də məşğul olaraq maraqlı hekayələr yazmışdır. Məmmədağa müəllimin şeirləri də hekayələri kimi, onun zəngin daxili aləminin, Vətən sevgisi dolu geniş qəlbinin çırpıntılarının, sanki notlarıdır:

Qoy sülh olsun torpağında,
Gül olsun hər bucağında,
Ölüm sənin qucağında,
Azərbaycan, Azərbaycan!

Məmmədağa Sərdarovun sonsuz Azərbaycan eşqində heç vaxt təravətini itirməyən ilk məhəbbətinin – Qusar sevgisinin ayrıca yeri var. Qğlanları və nəvələri ilə ölkəmizin bu Şahdağlı bölgəsinə hər gedişi ona qol-qanad verir, pərvazlandırır. Şeirlərindən biri görkəmli bəstəkarımız Eldar Mansurovun musiqi bəstələdiyi “Mən Qusara gələndə” mahnısına çevrilb:

Doğma, şirin səs gəlir,
Yeni bir nəfəs gəlir,
Könlümə həvəs gəlir,
Mən Qusara gələndə.

Məmmədağa Sərdarovun 2021-ci ildə nəşr edilmiş “Elə yaşa ki...” hekayələr kitabında onun çox ehtiram bəslədiyi mərhum akademik Fuad Qasımzadənin bir kəlamı epiqraf olaraq yer almışdır: “İnsan yalnız o zaman yaşadığı ömrü şərəfli saya bilir ki, xalqına nəsə bir fayda vermiş olsun”.

Bu baxımdan yanaşaraq arxayınlıqla deyirəm ki, əziz Məmmədağa müəllim, bu gün bizimlə bir yerdə işləməsəniz də, çalışdığınız şöbədə yeriniz hər zaman görünür. Siz əməyinizlə, qələminizlə, əsl vətəndaş mövqeyinizlə, yetişdirdiyiniz vətənsevər övladlarınız və nəvələrinizlə xalqımıza xidmət edib fayda verirsiniz.

Qəlbinizdə Gədəzeyxurdan doğulan böyük Azərbaycan sevgisi Sizi hələ uzun illər sağlıqlı yaşadacaq, yazıb-yaratmaq eşqinizi artıracaqdır. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivi adından Sizi anadan olmağınızın 85-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, xoş arzularımızı bildiririk.

Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru

Seçilən
25
1
xalqqazeti.az

2Mənbələr