Bu fikir maliyyə davranışları üzrə tanınmış müəllif Morqan Hauzelə məxsusdur və pulun yalnız gəlir, investisiya və ya hesab balansı olmadığını xatırladır. Pul, eyni zamanda, insan davranışını, qərarvermə tərzini və riskə yanaşmanı dəyişən güclü psixoloji faktordur.
Valyuta.az xəbər verir ki, Hauzelin əsas tezisi ondan ibarətdir ki, insanların maliyyədə yol verdiyi səhvlərin çoxu məlumat çatışmazlığından yox, emosional reaksiyalardan qaynaqlanır. İnsan daha çox qazandıqca özünü daha ağıllı hesab etməyə başlayır.
Halbuki çox vaxt dəyişən yalnız gəlirin həcmi olur, qərarvermə keyfiyyəti yox.
Pul artdıqca risk anlayışı da dəyişir. Əvvəllər ehtiyatla yanaşılan qərarlar adi görünməyə başlayır. İnsan keçmiş uğurlarını şəxsi bacarığın sübutu kimi qəbul edir və şans faktorunu nəzərə almır. Bu isə gələcəkdə daha böyük risklərin əsasını qoyur.
Hauzel həmçinin vurğulayır ki, maliyyə uğurunun ən çətin tərəfi həyat tərzi inflyasiyasıdır. Gəlir artımı ilə xərclər də artdıqda, insan özünü daha varlı yox, sadəcə daha asılı vəziyyətdə tapır. Daha çox qazanan, amma daha az sərbəst olan insanlar bunun tipik nümunəsidir.
Digər mühüm məqam pulun insana zaman perspektivini dəyişdirməsidir. Qısa müddətli qazanc uzunmüddətli sabitlikdən üstün tutulduqda, maliyyə qərarları emosional xarakter alır. Halbuki Hauzelə görə maliyyədə ən güclü üstünlük səbrdir. Vaxtla dost olan insan riskləri daha yaxşı idarə edir.
Bu yanaşma onu göstərir ki, pul qazanmaq riyazi bacarıq ola bilər, amma pulu qorumaq xarakter məsələsidir. Davranışını tanımayan, emosiyalarını idarə etməyən insan üçün yüksək gəlir belə davamlı təhlükəsizlik yaratmır.
Tarixdə yüksək gəlir əldə edib onu qoruya bilməyən çoxsaylı nümunələr mövcuddur. Bu nümunələri birləşdirən cəhət yanlış bazar proqnozları yox, dəyişən davranışlardır.
Mayya Hüseynova