Financial Times hücumun Pekinlə əlaqələndirilən “Salt Typhoon” qruplaşması tərəfindən həyata keçirilə biləcəyini yazır...
Poliqon xəbər verir ki, Financial Times qəzeti mənbələrinə istinadən Çin Xalq Respublikasından olan hakerlərin ABŞ Konqresinin əsas komitələrində çalışan əməkdaşların elektron poçt sistemlərinə daxil olduqlarını iddia edib. Nəşrin yazdığına görə, kiberhücum Konqresin bir sıra strateji əhəmiyyətli strukturlarını əhatə edə bilər.
Məlumata əsasən, hücumun arxasında Çin hökuməti ilə əlaqələndirilən “Salt Typhoon” adlı haker qruplaşmasının dayandığı ehtimal olunur. Qəzetin mənbələri bildiriblər ki, hakerlər Nümayəndələr Palatasının Çin üzrə xüsusi komitəsinin bəzi əməkdaşlarının, eləcə də ABŞ Konqresinin xarici əlaqələr, kəşfiyyat və silahlı qüvvələr komitələrində çalışan köməkçilərin istifadə etdiyi elektron poçt sistemlərinə çıxış əldə ediblər.
Bununla yanaşı, Financial Timesın həmsöhbətləri qeyd ediblər ki, hakerlərin birbaşa konqresmenlərin şəxsi elektron poçtlarına giriş əldə edib-etmədiyi hələlik dəqiqləşdirilməyib. Bildirilir ki, kiberhücum faktı 2025-ci ilin dekabr ayında aşkar edilib, lakin Konqres tərəfindən məsələ ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.
Məqalədə vurğulanır ki, bu insident ABŞ-də dövlət qurumlarının kibertəhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib və Çinlə ABŞ arasında artıq gərgin olan münasibətlər fonunda əlavə siyasi rezonans doğura bilər.
Öz növbəsində, Çin Xalq Respublikasının ABŞ-dəki səfirliyi bu ittihamları təkzib edib. Diplomatik nümayəndəliyin rəsmi təmsilçisi Lyu Pıngyuy ABŞ tərəfinin Pekinə yönəltdiyi hakerlik ittihamlarını “əsassız spekulyasiyalar, qarayaxma və böhtan” adlandırıb. O bildirib ki, Çin kiberhücumlarda iştirakla bağlı iddiaları qəti şəkildə rədd edir və kibertəhlükəsizlik məsələlərində beynəlxalq əməkdaşlığın tərəfdarıdır.
Poliqon.info