Almaniyanın müdafiə naziri Kiyev üçün uzunmüddətli təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayıb...
Poliqon xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya ilə mümkün sülh sazişi imzalandıqdan sonra da Ukraynanın müdafiə qabiliyyətinin dəstəklənməsinin zəruri olduğunu bəyan edib. Onun sözlərini Almaniyanın Welt nəşri yayıb.
Nazirin fikrincə, Ukraynaya dəstək verən ölkələr Rusiya tərəfindən həyata keçirilən təcavüzün siyasi baxımdan başa çatdırılması üçün konkret mexanizmlər üzərində işləməlidir. “Mənim üçün vacib olan odur ki, Ukraynanı dəstəkləyən dövlətlər Rusiyanın Ukraynaya qarşı təcavüzünün mümkün siyasi yekununa nail olmaq üçün konkret tədbirlər hazırlasınlar”, deyə Pistorius bildirib.
O qeyd edib ki, hazırkı mərhələdə əsas diqqət Kiyev üçün “etibarlı və uzunmüddətli təhlükəsizlik zəmanətlərinin” formalaşdırılmasına yönəldilməlidir. Almaniyanın müdafiə naziri vurğulayıb ki, Almaniya hərbçilərinin Ukrayna sərhədləri yaxınlığında mümkün atəşkəsin təmin olunmasında iştirakı yalnız real atəşkəs əldə edildikdən sonra müzakirə oluna bilər.
Pistorius eyni zamanda NATO ölkələrinin Ukrayna ilə Rusiya arasında yeni bir münaqişə ehtimalı fonunda hazır vəziyyətdə qüvvələr saxlamalı olduğunu bildirib. Onun sözlərinə görə, bu addım Moskva qarşısında Alyansın “çəkindirici və müdafiə imkanlarını” əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Xatırladaq ki, yanvarın 6-da Parisdə “istəklilər koalisiyası”nın sammiti keçirilib. Tədbirdə bir sıra Avropa ölkələrinin liderləri ilə yanaşı, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner iştirak ediblər. Görüşdə Ukrayna nümayəndə heyətinə prezident Volodimir Zelenski rəhbərlik edib.
Sammitdən sonra Zelenski, Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron münaqişə başa çatdıqdan sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsini nəzərdə tutan bəyannamə imzalayıblar. Bu sənəd Avropa ölkələrinin Ukraynanın təhlükəsizliyinin təmin olunmasında daha fəal rol oynamaq niyyətini əks etdirir.
Poliqon.info