Vilnüs sülh əldə olunacağı təqdirdə Ukraynaya çoxmillətli qüvvələrin tərkibində kontingent göndərməyə hazır olduğunu bildirir...
Poliqon xəbər verir ki, Litva Ukraynanın təhlükəsizlik zəmanətlərinə töhfə verməyə hazırdır və bu məqsədlə respublika ərazisinə bir neçə yüz hərbçi göndərə bilər. Bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas bildirib. Onun sözlərini ölkənin LRT ictimai yayımçısı yayıb.
Nazirin sözlərinə görə, hazırda bu məsələ ətrafında müzakirələr davam edir və konkret rəqəmlər hələ dəqiqləşdirilməyib. “Mən dəqiq detalları açıqlaya bilmərəm, çünki bu mövzuda müzakirələr gedir. Biz mütləq təhlükəsizlik zəmanətlərinə öz töhfəmizi verəcəyik,sülh şəraitində bu, bir neçə yüz hərbçi ola bilər”, deyə Kaunas vurğulayıb.
Bununla yanaşı, o, Litvanın Ukraynanın təhlükəsizliyinin təmin olunmasına hansı əlavə vasitələrlə dəstək verə biləcəyi barədə təfərrüata varmayıb. Müdafiə naziri yalnız onu qeyd edib ki, Litva Avropa ölkələri və ABŞ ilə birlikdə sülh sazişinin əldə olunması üçün bütün imkanlarını səfərbər edir.
Qeyd edək ki, yanvarın 6-da Parisdə “istəklilər koalisiyası”nın sammiti keçirilib. Görüşdə bir sıra Avropa ölkələrinin liderləri, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, eləcə də Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner iştirak ediblər. Sammitdə Ukrayna nümayəndə heyəti də olub və nümayəndə heyətinə Ukrayna prezidenti Volodimir Zelenski başçılıq edib.
Görüşün yekununda Zelenski, Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron münaqişə başa çatdıqdan sonra Ukrayna ərazisində çoxmillətli qüvvələrin yerləşdirilməsini nəzərdə tutan bəyannamə imzalayıblar. Sənəd Avropa ölkələrinin Ukraynanın təhlükəsizliyinə uzunmüddətli zəmanət vermək niyyətini nümayiş etdirən mühüm siyasi addım kimi qiymətləndirilir.
Poliqon.info