AZ

Hüquq müdafiəçisindən aparıcının qalmaqallı çıxışına REAKSİYA

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Teleaparıcı Amil Xəlilin bölgələrdən şəhərə təhsil almağa gələn qızlarla bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Aparıcının açıqlamaları sosial şəbəkələrdə və ictimai müstəvidə birmənalı qarşılanmayıb, qızların təhsili, ailə tərbiyəsi və cəmiyyətin məsuliyyəti mövzusunda müxtəlif mövqelərin ortaya çıxmasına yol açıb.

Onun sözlərinə görə, mal-qara saxlayaraq zəhmətlə dolanan valideynlər bilməlidirlər ki, övladları  şəhərdə sakit dayanmır:

"Oyunlar, birbirçılıqlar, xüsusilə axşam saatlarında

.. Əksəriyyəti yox, 99 faizi də tələbədir”. 

Amil Xəlil qeyd edib ki, valideynlər övladlarını yaşadıqları bölgələrə yaxın ali təhsil müəssisələrinə göndərməlidirlər. Onun fikrincə, Astarada yaşayan ailələr qızlarını Lənkəran Dövlət Universitetinə, Gəncə, Tovuz və Qazaxda yaşayanlar Gəncə Dövlət Universitetinə, Yevlax, Kürdəmir və Mingəçevir ərazilərində yaşayanlar isə Mingəçevir Dövlət Universitetinə göndərməlidirlər. Aparıcı Naxçıvanda yaşayan valideynlərə də müraciət edərək, övladlarını nə üçün Bakıya göndərdiklərini sual edib.

Qızların təhsil alması ilə bağlı problemləri aşmağa çalışdığımız bir vaxtda aparıcının belə bir fikir səsləndirmək nə dərəcədə doğrudur?

İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva “Cebheinfo.az”-a bildirib ki, ilk dəfə Hacı Zeynalabdin Tağıyev Azərbaycanda Qızlar Məktəbi açıb. 

O xatırladıb ki, məqsəd gələcək üçün təhsilli qızlar yetişdirmək idi:

“Təhsilli qızlar təhsilli gələcək deməkdir. Bu isə bütövlükdə millətin inkişafı və tərəqqisi anlamına gəlir. Həmin dövrdən bu günə qədər ölkəmizdə qızların təhsilli olması istiqamətində davamlı iş aparılıb ki, onlar savadlı övladlar yetişdirsinlər və cəmiyyətin gələcəyində fəal rol oynasınlər.

Bu məqsədlə Azərbaycanda çoxsaylı layihələr həyata keçirilir. Gender bərabərliyinin təmin olunması, məişət zorakılığına qarşı mübarizə və digər bu kimi məsələlər qanunvericilikdə də öz əksini tapıb. Əsas məqsəd ondan ibarətdir ki, qızlarımız cəmiyyətdə öz layiqli yerlərini tutsunlar, cəmiyyətin idarə olunmasında və gələcəyinin formalaşmasında iştirak etsinlər.

Təəssüf ki, bəzən qızların təhsili ilə bağlı xoşagəlməyən fikirlərə rast gəlirik. Bu cür ifadələrin televiziya aparıcıları tərəfindən səsləndirilməsi isə xüsusilə narahatedici haldır. Çünki biz daim müxtəlif tədbirlər, layihələr, görüşlər və treninqlər vasitəsilə qızların təhsillə bağlı problemlərini həll etməyə, onları daha yüksək təhsil almağa təşviq etməyə çalışırıq.

Mən Amil Xəlilin verilişində səsləndirdiyi fikirləri dinlədim. Amil birbaşa olaraq qızların təhsildən uzaqlaşdırılmasını hədəfləmir. O, öz fikrində də bildirir ki, qızlarımız təhsil almaq üçün yaşadıqları bölgələri seçsələr, həmin bölgələrdə təhsil alsalar, daha məqsədəuyğun olar. Bu gün Azərbaycanda universitetlərin əksəriyyətinin bölgələrdə filiallarının olması da müsbət haldır. Beləliklə, qızlar ailələrinə yaxın, valideyn nəzarəti altında təhsil ala bilərlər.

Yəni onun demək istədiyi məqam məhz bundan ibarətdir. Ola bilsin ki, fikrini ifadə edərkən bunu tam düzgün formalaşdıra bilməyib və bu nəticədə cəmiyyətdə birmənalı qarşılanmayıb. Əslində isə istər Amil Xəlil, istərsə də digər şəxslərin məqsədi qızların təhsildən uzaq qalması deyil".

Ekspertin fikrincə,  narahatlıq daha çox ondan ibarətdir ki, bəzi hallarda qızlar təhsil adı altında müxtəlif mənfi təsirlərə, uyğun olmayan mühitə və ya qruplaşmaların təsirinə düşə bilirlər.

Zenfira Mustafayeva vurğulayıb ki, postsovet dövründə bölgələrdən Bakıya təhsil almağa gələn çox sayda gənclər var və onlar peşəkar kadr kimi yetişiblər:

“Bu gün ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən həkimlər, hüquqşünaslar, mühəndislər məhz həmin kadrlar arasındadır. Onlar həm peşəkar mütəxəssis, həm də sağlam düşüncəli övladlar yetişdirən valideynlər kimi cəmiyyətə töhfə veriblər. Həmin övladlar da bu gün Azərbaycan cəmiyyətində öz layiqli yerlərini tutublar.

Biz hansısa bir ifadəni  demək istəyiriksə, mütləq şəkildə onun nəticələrini, cəmiyyətə necə təsir göstərə biləcəyini düşünməliyik. Xüsusilə də sosial, ictimai platformalarda səsləndirilən fikirlər məsuliyyət tələb edir. Bu baxımdan, aparıcının hər hansı mövqeni ifadə edərkən fikrini “yüz ölçüb, bir biçməsi” son dərəcə vacibdir.

Aparıcı düşünməlidir ki, səsləndirdiyi sözlərin arxasında hansı mənalar gizlənə  və bu sözlər cəmiyyət tərəfindən necə qəbul edilə bilər. Çünki o, təkcə bir nəfərə yox, bütövlükdə Azərbaycan cəmiyyətinə müraciət edir”. 

Ekspert əlavə edib ki, cəmiyyət isə bu fikirlərdən bəzən yanlış nəticələr çıxara bilər:

“Belə bir yanaşma formalaşa bilər ki, guya Amil Xəlil düz deyir, qızları oxutdurmamaq daha yaxşıdır. “Qızı oxumağa göndəririk, gedib kiminsə təsiri altına düşür, ailəni başıaşağı edir” kimi yanlış və təhlükəli düşüncələr ortaya çıxa bilər. Nəticədə isə “Elə isə qızı tez ərə verək, başımızdan edək, 14–15 yaşında kim qapını döyürsə, ona verək, məsuliyyətdən qurtulaq” kimi son dərəcə zərərli fikirlər yarana bilər. Belə hallarda valideynlər rahat olacaqlarını düşünür, qızın taleyinə cavabdehliyi isə həyat yoldaşının üzərinə atırlar.

Təəssüf ki, cəmiyyətdə bu cür düşünən insanlar az deyil. Məhz buna görə də ictimaiyyətə ünvanlanan hər bir söz xüsusi diqqətlə seçilməlidir. Amil Xəlilin birbaşa belə bir çağırışı olmasa belə, onun fikirləri bəzi insanlar tərəfindən şüuraltı bu cür yozula bilər. Yəni guya qızları oxutdurmayın, ərə verin, getsinlər, siz də rahat olun.

Bəzi insanlar bunu belə əsaslandırmağa çalışırlar ki, guya qızlar şəhərə təhsil almağa gələndə müxtəlif hərəkətlər edirlər, hansısa qruplara qoşulurlar, ailələrin bundan xəbəri olmur. “Biz bunları görürük, siz görmürsünüz” kimi iddialar irəli sürülür. Hətta bu şəxslərin guya “təhsil alan tələbələr” olduğu vurğulanaraq ümumiləşdirici və əsassız fikirlər formalaşdırılır”.

Onun sözlərinə görə, məhz bütün bu təhlükəli nəticələri nəzərə alaraq demək olar ki, ictimai çıxış edən şəxslər, xüsusilə də televiziya aparıcıları səsləndirdikləri hər bir fikrin cəmiyyətə mümkün təsirini əvvəlcədən hesablamalıdırlar:

“Bir daha qeyd etmək istəyirəm ki, bu, düzgün yanaşma deyil. Düzgün yanaşma olması üçün fikir ya fərqli formada ifadə edilməli idi, ya da səsləndirilərkən yüz ölçülüb, bir biçilməli idi ki, bu sözlərin cəmiyyətə necə təsir göstərə biləcəyi əvvəlcədən nəzərə alınsın.

Xüsusilə ictimai platformalarda deyilən hər bir fikir məsuliyyət tələb edir. Çünki səsləndirilən sözlər müxtəlif təbəqələr tərəfindən fərqli cür qəbul oluna bilər və yanlış nəticələrə yol aça bilər.

Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, əgər məqsəd təhsil alan qızların davranışları ilə bağlı müəyyən risklərə diqqət çəkmək idisə, bu zaman ümumiləşdirməyə yol verilməməli idi. Düzgün olardı ki, “qızlarımız” deyə ümumi yanaşma sərgiləmək əvəzinə, bəzi qızların yanlış və ya uyğun olmayan davranışlar göstərə biləcəyi qeyd edilsin. Onları ümumi şəkildə mənfi kontekstdə təqdim etmək həm ədalətsizdir”. 

Zenfira Mustafayeva bildirib ki, tez təsir altına düşən qızların tərbiyəsində əvvəldən boşluqlar var:

“Bir məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm. Mən uzun illər pedaqoq kimi fəaliyyət göstərmişəm. Məktəbdə öz ixtisasımla yanaşı, ailə psixologiyası fənnini də tədris etmişəm. Həmişə şagirdlərimə və tələbələrimə deyirdim ki, əgər bir qıza 18 yaşına qədər düzgün və sağlam tərbiyə verilərsə, ona həyatın bütün çətinlikləri, müsbət və mənfi tərəfləri düzgün şəkildə izah edilərsə, 18 yaşdan sonra hara getsə belə, o qız heç vaxt ailəsinin başını aşağı etməz.

Əgər hansısa qız təhsil adı altında şəhərə gəlib və uyğun olmayan davranışlar sərgiləyirsə, ailəsinin adına xələl gətirən hərəkətlər edirsə, bu zaman məsələni yenə də ilk növbədə ailə tərbiyəsində axtarmaq lazımdır. Yəni əsas məsələ qız uşağının ailədə necə tərbiyə almasıdır. Əgər övlad ailədə düzgün tərbiyə olunursa, cəmiyyətə də normal, məsuliyyətli və sağlam düşüncəli bir vətəndaş kimi təqdim edilə bilər.

Bu məsələdə kimisə günahlandırmaq düzgün deyil. “Gəldi, kiminsə təsiri altına düşdü” kimi yanaşmalar problemin kökünü ört-basdır edir. Çünki təsir altına düşən övladlar, adətən, ailə tərbiyəsində müəyyən boşluqlar olanlardır”.

O qeyd edib ki, televiziya kanallarında səsləndirilən hər bir fikir cəmiyyətə təsiri baxımından xüsusi məsuliyyət tələb edir:

“Amil Xəlilin səsləndirdiyi fikirlərə gəldikdə, hesab edirəm ki, biz həmin ifadələri tam olaraq bu kontekstdə dəyərləndirməliyik. Ola bilsin ki, o, fikrini bu şəkildə demək istəməyib. Ancaq ucqar kəndlərdə və bölgələrdə yaşayan, məsələni düzgün analiz etmək imkanı olmayan bəzi ailələr bu sözləri yanlış başa düşə və “deməli, qızları oxutdurmamaq daha doğrudur” nəticəsinə gələ bilərlər.

Əgər biz televiziya kanallarında fikir yürüdürüksə, hər hansı mövzunu müzakirə ediriksə və ya nəyisə təbliğ ediriksə, bunu yüz ölçüb, bir biçməliyik. Təəssüf ki, bu gün bir çox televiziya kanallarında aparılan “təbliğat” əslində antitəbliğata çevrilib. Bu, artıq hamı tərəfindən açıq şəkildə görülür və etiraf olunur. Reallıq budur ki, bəzi kanallarda əxlaqı və davranışı cəmiyyət üçün nümunə olmayan, küçə həyatından gəlmiş şəxslər efirə çıxarılır və öz həyat hekayələrini “Mən belə olmuşam, amma bu gün çox pul qazanıram, bu qədər evim var” kimi təqdim edirlər. Təbii ki, gənc qızlar və yeniyetmələr buna baxaraq düşünürlər ki, bu uğurlara asan yollarla çatmaq mümkündür. Nəticədə həmin şəxslərin həyat tərzini təqlid etməyə meyil göstərirlər. Məhz buna görə də bu cür zərərli təbliğatın qarşısı alınmalı, cəmiyyətə yanlış mesajlar verən verilişlərə ciddi nəzarət edilməlidir”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
1
cebheinfo.az

2Mənbələr